“Bu ağır günlərimdə hər an sizi arxamda hiss etdim”

“Bu ağır günlərimdə hər an sizi arxamda hiss etdim” Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Tehsil-press.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir:
Türkiyənin Adana şəhərində yaşayan həmyerlimiz Vüsalə Abdulova yazır: "Mən Türkiyənin Adana şəhərində yaşayıram. Hemofiliya xəstəliyindən və autizm sindromundan əziyyət çəkən 14 yaşlı oğlum - Allahverdi Salmanov evdə pilləkənlərdən yıxılmış və aldığı zərbədən beyninə qan sızıb.
Yaşadığım Adana şəhər Uşaq Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində ölümlə çarpışan oğlumun yanında bir neçə gün yalnız qaldım. Sizin “Mən bütün dünyadakı azərbaycanlıların Prezidentiyəm” sözünüzü xatırlayan kimi bu yalnızlıq məni tərk etdi. Son dövrlər Sizin tapşırıqlarınıza uyğun olaraq Azərbaycan hökumətinin Türkiyədəki soydaşlarımıza göstərdiyi maddi və mənəvi yardımları yada saldım. Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edərkən “Azərbaycan dövləti arxanızdadır” sözlərini eşitdim. Oğlum zəruri dərman preparatları ilə pulsuz təmin olundu. Bu, həm də mənə böyük mənəvi dayaq oldu. Çətin günlərdə özümü yalnız hiss etmədim.
Sevimli dövlət başçımız, Siz siyasətinizin mərkəzində məhz xalqımızın dayandığını bir daha nümayiş etdirdiniz. Hazırda oğlumun müalicəsi davam edir. Bu ağır günlərimdə mən hər an Sizi arxamda hiss etdim.Dünya ölkələrinin iflic vəziyyətdə olduğu günlərdə bütün qüvvələri səfərbər edərək ölkəmizi qoruduğunuza, həm də xaricdə yaşayan azərbaycanlılara yardım etdiyinizə görə çox sağ olun. Azərbaycan Sizinlə yenilməzdir. Allah Sizi və ailənizi qorusun".
Ağcabədi rayonunda yaşayan Laçın rayonundan məcburi köçkün Məmmədov Pəhlivan Firudin oğlu yazır: "Dağlıq Qarabağ münaqişəsi səbəbindən 1992-ci ildən doğma yurdumdan köçkün düşərək ailəmlə birlikdə Ağcabədi rayonu ərazisində məskunlaşmışam. Mənfur düşmənlərimizin xəyanəti nəticəsində el-obamızı itirsək də, heç vaxt çətinlik görməmişik. Çünki Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb.
Hazırda Laçın Rayon Baytarlıq İdarəsində baytar həkim işləyirəm. Bu günlərdə ailəmiz dövlətimiz tərəfindən yeni evlə təmin olundu. Bu, Sizin, dövlətimizin xalqa daimi qayğınızın bariz nümunəsidir.
Cənab Prezident, ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Allah Sizi qorusun, ölkəmizi bütün bəlalardan hifz eləsin".
Füzuli rayonu, Horadiz şəhəri 2 nömrəli tam orta məktəbin direktoru Əliyeva Ləman Rövşən qızı yazır: "Bu gün dünyanı təhdid edən koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində ilk gündən bütün mümkün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər həyata keçirərək, ölkəmizi bu virus təhlükəsindən qorumağınızı ictimaiyyət böyük rəğbət və məmnunluq hissi ilə qarşıladı.
Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə ciddi yanaşmalı, cəmiyyətimiz də öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dövlət tərəfindən görülən məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılamalı və onlara əməl etməlidir. Belə olduğu halda mən əminəm ki, biz bu virusa asanlıqla qalib gələcəyik.Füzulidə də vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontakda olmaq və digər qaydalara ciddi əməl etmək tələb olunur. Cənab Prezident, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizə görə füzulililər adından Sizə dərin minnətdarlığımı bildirir, ali dövləti fəaliyyətinizdə qüvvət və uğurlar, ölkəmizə sülh və firavanlıq arzu edirəm. Allah Sizi qorusun".
Ağdam rayonu sakinləri İsmayılov Məhəmməd, Məhərrəmov Ənvər, Rüstəmova Kəmalə, Əliyev Rafiq və başqaları yazır: "Ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən səviyyədədir. Bu, Sizin xalqımıza olan diqqət və qayğınıza cavabdır. Tövsiyələriniz, çağırışlarınıza səs verən vətəndaşlar çətin günlərdə dövlətimizin ətrafında sıx birləşdilər. Hamı bir-birinə, xüsusilə aztəminatlı ailələrə kömək göstərir.Siz, eyni zamanda, sahibkarlara böyük dəstək verirsiniz. Bizlərə də karantin şəraitində müxtəlif yardımlar edilir. Bütün bunlara görə Sizə təşəkkür edir, “Çox sağ olun!” deyirik. Tanrı Sizi qorusun".
Bakı şəhəri, Qaradağ rayonu 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəfailova Elmira yazır: "Sizin rəhbərliyinizlə respublikamızın gündən-günə inkişaf etməsi, dünya dövlətləri sırasında nüfuzunun artması istiqamətində çox böyük işlər görülür və bu tədbirlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir.
Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, bu günlərdə illər əvvəl gördüyünüz işlər öz bəhrəsini verdi. Müasir tələblər səviyyəsində yenidən inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilərək xalqın istifadəsinə verilmiş xəstəxanalar bu gün koronavirus infeksiyasına tutulan xəstələrin nicat yeri oldu.
Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin atdığınız qətiyyətli addımları atmır. Siz bütün insanları düşünür, onların qayğısına qalırsınız.
Əziz Prezidentimiz, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz adından Sizə təşəkkür edirik. İnanırıq ki, müdrik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirik".

Tehsil-press.az

Oxşar xəbərlər