ADU-da soyqırımı mövzusuna həsr olunmuş onlayn dəyirmi masa təşkil edilib

ADU-da soyqırımı mövzusuna həsr olunmuş onlayn dəyirmi masa təşkil edilib Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi dekanlığının və Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Soyqırımı: tarixin acı reallıqları, səbəblər və nəticələr” mövzusunda onlayn dəyirmi masa təşkil edilib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri vəzifəsini icra edən dosent Qorxmaz Mustafayevin moderatorluğu ilə keçən tədbirdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il qeyd edilən 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün siyasi əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirdə tariximizin qaranlıq və faciəli dönəmləri müzakirə edilib, xalqımıza qarşı törədilən qırğınların səbəb və nəticələrinə münasibət bildirilib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli soyqırımı tarixinə, həmin dövrün siyasi hadisələrinə, beynəlxalq vəziyyətə aid geniş çıxış edib. Çıxışda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin xalqımızın tarixində baş vermiş hadisələrə verdikləri siyasi qiymət, xüsusi önəm diqqətə çatdırılıb.
Rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov xalqımıza qarşı törədilən soyqırımında azərbaycanlılarla çiyin-çiyinə olan digər etnosların nümayəndələrinin da erməni-daşnak vəhşiliklərinin qurbanı olduqlarını və bunu həmişə diqqətdə saxlamağı tövsiyə edib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Mart hadisələri ərəfəsində ictimai siyasi vəziyyət”ə həsr olunmuş çıxışında dövrün ictimai-siyasi vəziyyətini, ermənilərin planlı şəkildə xalqımıza qarşı törətdikləri vəhşilikləri arxiv sənədləri əsasında diqqətə çatdırıb. Dosent Namiq Kərimov “Mart soyqırımı, tarixi və hüquqi aspekti” mövzusunda çıxışında bolşevik və daşnak qüvvələrinin xalqımıza qarşı törətdikləri cinayət haqqında məlumat verib, Cümhuriyyət dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının materialları əsasında toplanmış 36 cildlik 3500 səhifəlik faktiki sənədlərin Paris Sülh konfransına göndərilməsindən, xalqımıza qarşı törədilən soyqırımı cinayətinə verilən hüquqi qiymətdən danışıb. Baş müəllim Hüseyn Əsgərov 1918-ci ildə baş vermiş hadisələr zamanı babasının xatirələri əsasında bir ailənin faciəsini təsvir edib. Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova xalqımıza qarşı törədilən qırğınların Azərbaycan dövləti tərəfindən dünyada tanıtdırılması istiqamətində görülən işləri faktlar əsasında qeyd edib, Xocalı soyqırımının bir çox dövlətlər və ABŞ-ın ştatları tərəfindən tanınması məsələsinə aydınlıq gətirib.
Tədbir iştirakçıları, həmçinin pandemiya dövründə Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirləri alqışlayıb, dövlətçiliyə sadiq olmağı, baş vermiş hadisələrdən ibrət dərsi götürməyi, müstəqil dövləti bütün varlıqları ilə qorumağı tələbələrə tövsiyə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər