Azərbaycan və Türkiyə alimləri koronavirusla bağlı videokonfrans keçiriblər

Azərbaycan və Türkiyə alimləri koronavirusla bağlı videokonfrans keçiriblər Azərbaycan və Türkiyə elm adamlarının iştirakı ilə “COVID-19: qlobal dəyişmələr və təsirlərin qiymətləndirilməsi” mövzusunda videokonfrans keçirilib.
Azərbaycan Texniki Universitetinin və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin birgə təşkil etdiyi videokonfransda yeni növ koronavirusun (COVID-19) iqtisadi və sosial təsirləri müzakirə olunub.
Videokonfransa moderatorluq edən rektor Vilayət Vəliyev Azərbaycan və Türkiyənin yeni növ koronavirusla mübarizə tədbirlərini müsbət dəyərləndirib. O bildirib ki, gələcəkdə dünyada fərqli viruslar və oxşar təhlükələrin yaranacağı istisna olunmadığı üçün bu istiqamətdə ixtisaslı kadr hazırlamaq məqsədilə qardaş ölkə universitetlərinin əməkdaşlığını daha da genişləndirmək lazımdır.
Türkiyənin Böyük Millət Məclisində Kocaeli vilayətindən deputat Cəmil Yaman deyib ki, yeni növ koronavirusla mübarizədən ibrət alınacaq dərslər var və bu işdə dünya əhalisinin ümumi fəallığı vacibdir.
Pandemiya ilə mübarizədə Türkiyənin uğurlu nəticələr qazandığını deyən C.Yaman təmsil etdiyi Ədalət və İnkişaf Partiyasının səhiyyə sahəsinə çox sərmayə yatırdığını vurğulayıb.
Videokonfransda məruzəçilər COVID-19-un dünyaya və regiona təsirini qiymətləndirən təqdimatlarla çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər