Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi

Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təməli ötən ilin iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə məlumat verdilər.
Bildirildi ki, sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Qeyd edildi ki, məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub.
Dövlətimizin başçısına və birinci xanıma ərazidə özəl şirkətlər tərəfindən inşa olunan yaşayış kompleksi barədə də məlumat verildi. Bildirildi ki, burada 2 bina inşa olunur və bu binalarda 100-ə yaxın mənzil olacaq.
Kompleksin ərazisində 280 yerlik uşaq bağçası inşa olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Məlumat verildi ki, bağçada balacalara bilik öyrətməklə yanaşı, onların istedadlarını üzə çıxarmaq, potensiallarını aşkarlamaq üçün hərtərəfli imkan var.
Qeyd edək ki, gələcəyimiz olan körpələrin sağlam və bilikli böyüməsi üçün son illərdə dövlət səviyyəsində və Heydər Əliyev Fondu tərəfindən olduqca əhəmiyyətli layihələr icra olunur. Bütün bunlar göstərir ki, ölkədə həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasıdır. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və ardıcıl olduğunu nümayiş etdirir.
Dövlətimizin başçısı və birinci xanım kompleksdə inşa olunan Füzuli rayon 4 saylı tam orta məktəbində yaradılan şəraitlə də tanış olublar.
Bildirildi ki, 960 yerlik məktəb binası zəruri tədris avadanlığı ilə təchiz edilib, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli imkan yaradılıb.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil ocaqlarının inşası, mövcud məktəb binalarının müasir səviyyədə yenilənməsi baxımından çox mühüm layihələr icra olunub. Dövlət səviyyəsində bu istiqamətdə görülən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük töhfələr verib. Belə müasir məktəb binasının inşası bir daha göstərir ki, ölkədə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin layihəsi olan “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası haqqında məlumat verilib.
Qeyd edildi ki, ilk dəfə həyata keçirilən bu layihənin məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək. Layihəyə il ərzində “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Toxuculuğun sirlərinə daha dərindən yiyələnənlər emalatxanalarda müəllim kimi çalışacaq, digərləri isə evlərində dəzgahlarla təmin olunacaqlar. Onlar hədiyyəlik xalçalar toxuyacaqlar. Layihə çərçivəsində xalçaların satışı da təmin ediləcək. Emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaq. Burada uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.
“Qobu Park-3” yaşayış kompleksində inşa olunan mənzillərlə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, kompleksdəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə əsasən Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə reallaşdırılan iki biznes layihəsi barədə də məlumat verilib.
Qeyd olundu ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr məcburi köçkünlərin məşğulluğunun biznes-layihələr vasitəsilə təmin olunması məqsədi daşıyır. İlk dəfədir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal müəssisələri qurulub. Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisədə gün ərzində 1000-ə yaxın yumşaq və 500-ə yaxın plastik oyuncaq istehsal ediləcək. Yumşaq oyuncaq təxminən 15-20, plastikdə oyuncaqlar isə 10 çeşiddə olacaq.
Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi “Qobu Park 3”ün sakinlərindən formalaşdırılacaq. Şirkətlər icarə xərclərindən azad olunub ki, bu da müvafiq layihələrin kompleksdə reallaşdırılmasını sahibkarlar üçün cəlbedici edir. Layihələr yalnız sosial əhəmiyyəti ilə seçilmir. Onlar, eyni zamanda, biznes yönümlüdür. Belə ki, hər iki müəssisədə istehsal olunacaq məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edəcək.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyev məcburi köçkünlərlə görüşüblər.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün biz Respublika Gününü qeyd edirik. Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Bu bayram günündə məcburi köçkünlər üçün salınmış “Qobu 3” yaşayış kompleksinin açılışını qeyd edirik. Burada bütün şərait yaradılıb. İndi mən şəraitlə tanış oldum, ən yüksək səviyyədə işlər görülüb. “Qobu Park-3” bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksidir. “Qobu Park-3” kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək. 960 şagirdlik məktəb, - özü də çox gözəl məktəbdir, - fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir.
“Qobu-1” və “Qobu-2” layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb. Çünki bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər. Beləliklə, boş bir ərazidə böyük infrastruktur layihələri icra edildi. Çünki bütün bu binaların kommunikasiyaları, təchizatı ən yüksək səviyyədə təşkil edildi – su, qaz, elektrik enerjisi, daxili yollar, nəqliyyat məsələləri öz həllini tapdı. Burada, eyni zamanda, tibb məntəqəsi, ticarət yerləri, iş yerləri yaradılıb, - bu da nəzərə alınıb, - çünki burada yaşayacaq vətəndaşlar artıq burada işlə də təmin ediləcək. Xüsusilə qadınlar üçün burada xalçaçılıq emalatxanası fəaliyyət göstərəcək və digər istehsalyönümlü kiçik müəssisələr artıq fəaliyyətə hazırdır. Nəzərə alsaq ki, burada yaşayacaq insanlar uzun illər çox ağır vəziyyətdə yaşayıblar, - bugünkü təqdimatda onların indiki yaşayış yeri göstərilir, - əlbəttə ki, bu, ailələrə böyük sevinc bəxş edəcək.
Bu qəsəbənin xüsusiyyəti ondan ibarətdir ki, burada bütün işlər özəl sektor tərəfindən görülmüşdür. Bu da çox sevindirici haldır. Şadam ki, mənim bir neçə il bundan əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli sosial layihələrə də qoşuldu. O vaxt mən özəl sektoru bu işlərə dəvət etmişdim və şadam ki, mənim çağırışım cavabsız qalmayıb. Bütün tikinti işləri, bütün investisiyalar özəl sektor tərəfindən təmin edilibdir. Burada xüsusilə Paşa Holdinq şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət çoxşaxəli fəaliyyətlə məşğuldur. Bu şirkətin bütün dövrlərdə sosialyönümlü layihələri təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, heç bir reklam etmədən, necə deyərlər, özünü tərifləmədən bu işləri ardıcıl şəkildə görür. Bu gün koronavirus şəraitində Paşa Holdinq şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanların yanındadırlar. Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşulacaqlar. Çünki Azərbaycanda bir çox böyük şirkətlər, holdinqlər var. Onlar Azərbaycanda pul qazanırlar, ölkəmizdə hökm sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən faydalanırlar. Əlbəttə ki, onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır. Ona görə bu yaşayış komplekslərinin tikintisi rəmzi xarakter daşıyır. Birinci növbədə dövlət öz iradəsini ortaya qoyur. Bildiyiniz kimi, məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır. Nəzərə alsaq ki, ümumiyyətlə Azərbaycanda 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub və onlardan təqribən 20 mini bir şirkət tərəfindən görülmüş işlər nəticəsində evlərlə təmin edilir.
Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında, çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması hesab edirəm ki, bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb. Son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürür. Son 4-5 il ərzində neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinin şahidi olmuşuq. Buna baxmayaraq, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur. Keçən il məcburi köçkünlər üçün rekord sayda evlər-mənzillər tikildi – 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq.
Eyni zamanda, məcburi köçkünlərin sosial təminatı yaxşılaşır. Keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artmışdır. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Əlbəttə, indi dünyada bir neçə ölkədə məcburi köçkünlər vardır və bu ölkələrin sayı artır. Çünki müharibələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün şəhərcikləri salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər. Çünki biz köçkünləri belə gözəl evlərlə təmin edirik. Evlərin həm quruluşu, həm daxili dizaynı, təchizatı göz oxşayır. Azərbaycan bu sahədə də qabaqcıl yerlərdədir və hesab edirəm ki, bu, bizim borcumuzdur, bunu biz edirik və edəcəyik.
Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur.
Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar. Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri. Onlar uzun illər başqa yerlərdə yaşayıblar, o cümlədən Bakı şəhərində. Ancaq imkan olan kimi onlar hətta növbəyə durmuşdular ki, tezliklə öz doğma torpağına qayıtsınlar. Eyni zamanda, işğaldan azad olunan Şıxarx qəsəbəsi. İndi orada da böyük şəhərcik salınıb. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən Azərbaycanın tarixi məkanıdır, işğaldan azad olunan ərazidə böyük şəhərcik salınıb. Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir.
Yenə də deyirəm, hərbi güc, bizim beynəlxalq mövqelərimiz, beynəlxalq təşkilatların münaqişə ilə bağlı sərgilədiyi mövqe. Xüsusilə son illər ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, dünyanın bütün aparıcı ölkələri, həmçinin. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri” bunu bir daha göstərdi. O saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı. Dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq mərhələli yanaşma ola bilər. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.
Ancaq yenə də bu məsələ ilə məşğul olanda hər zaman mən keçmişə qayıdıram, tarixə qayıdıram və sual verirəm. Nə üçün torpaqlarımız işğal altına düşdü? Necə oldu ki, biz bu torpaqları qoruya bilmədik? Necə oldu ki, ermənilər xarici dəstəyin hesabına torpaqları işğal etdilər, insanları öz doğma torpaqlarından didərgin saldılar? Mən bu suallara cavabı bilirəm və Azərbaycan xalqı da bilir. Amma yenə də həmişə fikirləşirəm ki, əgər o vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi. Çünki onun dövründə Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda elə bir möhkəm iradəyə sahib idi ki, bir nəfər erməni də səsini çıxara bilmirdi. Düzdür, Moskvaya, Siyasi Büroya donoslar yazırdılar ki, guya onları orada incidirlər və yaxud da onlar diskriminasiyaya uğrayırlar. Hamısı yalan idi. Çünki iqtisadi göstəricilər var, onlar göstərir ki, Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin. Ondan əvvəl - 1960-cı illərdə hadisələr baş verib. Ancaq Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra və Bakıdan Moskvaya gedənə qədər orada heç bir hadisə olmayıb. Mən şəxsən atamla birlikdə Dağlıq Qarabağda olmuşam, Xankəndidə, Şuşada. Mən o ab-havanı görmüşəm, 1980-ci illərin əvvəllərində həm qış aylarında, - o məşhur fotolar, videolar var, - həm də yaz aylarında. Orada - həm Xankəndidə, həm də başqa yerlərdə heç bir problem yox idi.
Mənim gözümün qabağında ermənilər Heydər Əliyevin qarşısında fərəqət durmuşdular, onu salamlayırdılar. Orada Azərbaycan dilində poeziya günü keçirilmişdir. Erməni, Azərbaycan şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti, müdrikliyi imkan vermirdi ki, bir dənə də erməni baş qaldırsın. Şuşada olan zaman o qədim Azərbaycan şəhərinin tarixini görərkən biz bir daha görürdük ki, bizim nə qədər böyük tarixi irsimiz var. Yadımdadır, Ulu Öndər ev-muzeyləri, Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında və digər göstərişlər vermişdi ki, Azərbaycan mədəniyyəti orada daim yaşasın. Ermənilər və burada yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Aydın məsələdir ki, Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar. Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar. İndikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə donos yazırlar. İndiki milli satqınlar dediyim o cinayətkar ünsür dəstəsi o vaxtın donos yazanlarından fərqlənmirlər. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar, bunlar da. Onların da, bunların da əsas məqsədi hakimiyyətdir, nəyin bahasına olursa-olsun. Bax, buna görə torpaqlar işğal altına düşüb. Baxın, Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş nə baş verdi? Bir erməni millətçisi məqalə ilə çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Özü də harada? Fransa qəzetində. Artıq erməni diasporu bu işlərə qoşulmuşdu. Sovet İttifaqının başında dayanan adamlar da öz ermənipərəst mövqeyi ilə fərqlənmişlər. Biz bunu yaxşı bilirik və artıq hərəkət başladı. O vaxt Azərbaycan hakimiyyəti nə etdi? 1987–ci ilin noyabrı idi. Heydər Əliyev vəzifədən gedəndə sonra cəmi iki həftə keçmişdi. Buradakılar neylədilər? Heç nə. Veclərinə də almadılar. Onlar elə bil ki, bu torpağın övladları deyildilər. Biganə qaldılar, reaksiya vermədilər. Vəziyyəti nəzarət altında saxlaya bilmədilər və nəticə etibarilə, çox da keçmədi, təxribat törədildi. Bu tarixə bu nöqteyi-nəzərdən baxın. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında Sumqayıt təxribatı törədildi. Nə idi o təxribat. Erməni quldurları orada dəstə yaradıb bir neçə ermənini öldürüb bunu Azərbaycan xalqının ayağına yazdılar. Bu da tarixi faktlardır.
İstintaqı biz aparmamışıq. İstintaqı Moskvadan gələn istintaq qrupu aparırdı. Orada bilindi ki, bu dəstənin başında dayanan ermənidir. Onun təcavüz etdiyi şahidlər üzünə demişdilər, o kadrlar var. Onun qətlə yetirdiyi insanların qohumları, yaxınları demişdilər ki, bizi öldürən budur. Baxın, sonra nə olur? Bu adam həbs olunur, ona hökm verilir. Bir ildən sonra o cəza çəkmək üçün Ermənistana göndərilir. Ermənistanda nə edirlər? Onu buraxırlar. Yaxşı, bu adam erməniləri öldürüb, bu da təsdiq olunub, istintaq materialları var. Nə üçün siz onu buraxırsınız? Deməli, bu, bəri başdan qurulmuş təxribat idi. Bu təxribatı ermənilər törədiblər, sonra yıxıblar Azərbaycan xalqının üstünə. Bu da onlara fürsət verib ki, Dağlıq Qarabağ məsələsini qaldırsınlar. Bax, budur tarix. Azərbaycan hakimiyyəti nə edib? Heç nə. O vaxt Azərbaycanın başında duran adam bilmirdi ki, Moskvanın o çinovniklərinin dabanını necə yalasın. Budur milli rəzalət. Sovet İttifaqı dağılandan sonra bir neçə ay keçmədi, dərhal Xocalı soyqırımı törədildi. Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra - 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi. Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi.
Azərbaycan Xalq Cəbhəsinin cinayətkar əməlləri bununla bitmir. Ondan sonra onların yarıtmaz fəaliyyəti nəticəsində Kəlbəcər işğal olundu. Müdafiəni düzgün qura bilməmişdilər. Kim quracaqdı müdafiəni? Kim məşğul idi müdafiə ilə? Hərbi işdən heç bir xəbəri olmayan savadsız və xəyanətkar adamlar. Kim idi dövlətin başında? Xalq arasında heç bir hörməti olmayan boşboğaz. Kim gətirdi saldı bizim xalqımızı bu bəlaya? Onlar. O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın? Ona görə biz bunu bilməliyik. Kəlbəcər əldən gedəndən sonra neylədilər? Vəziyyəti bərpa etmək əvəzinə başladılar öz ordumuza qarşı mübarizəyə. Burada torpaqlar əldən gedir, onlar isə Gəncəni bombalayırdılar. Kəlbəcər, Laçın, Şuşa rayonları işğal olunandan sonra Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yarandı. Onlar isə Gəncəni bombalayırlar. Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı. Məhz ondan sonra Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və vəziyyət sabitləşdi.
Budur səbəbkarlar, budur tarixi həqiqətlər. Bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər.
Bu gün Respublika Günüdür. Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan xalqı bunun təşəbbüskarı olub. Eyni zamanda, biz bu gün də tarixdən ibrət götürməliyik. Nə üçün Respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi? Nə üçün müstəqilliyi qoruya bilmədi? Bu suallardır. Biz düzgün nəticə çıxarmaq üçün tarixi bilməliyik. Burada heç bir mifologiyadan söhbət gedə bilməz. Hansısa hadisələri şişirtməklə biz özümüzü aldatmamalıyıq. Nə üçün? Çünki o hadisələr təkrarlanmasın. Nə üçün? Çünki müstəqilliyimiz əbədi olsun. Azərbaycan Xalq Cümhuriyyəti rus imperiyasının dağılması nəticəsində yaranmışdır. Ancaq cəmi iki ilə yaxın yaşadı. Çox önəmli addımlar atılmışdır. Müstəqillik elan olundu, dövlət atributları təsis edildi. Milli Ordu, Bakı Dövlət Universiteti yaradıldı, mütərəqqi qanunlar qəbul edildi. Amma, eyni zamanda, biz bilməliyik ki, o müstəqillik şərti xarakter daşıyırdı. Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı. Respublika Azərbaycan ərazisinə tam nəzarət etmirdi. Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik. Həqiqəti bilməliyik ki, bu, təkrarlanmasın. Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşadı, müstəqilliyi qoruya bilmədilər. Azərbaycanın başında duranların bir çoxu ölkəni tərk etdi, müstəqillik əldən getdi. Bilirsiniz, gözəl şüarlar demək olar. Amma bu şüarların arxasında gərək iradə, güc və əməl olsun.
Bizim 1920-ci ildə endirilən üçrəngli bayrağımızı 70 il sonra Heydər Əliyev Naxçıvanda yenidən qaldırdı. Gücün varsa, bayraq həmişə yüksəklərdə olacaq. O vaxt Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, onlar da eyni addımı atsınlar. Etmədilər. Çünki qorxurdular. O vaxt hələ Sovet İttifaqı dağılmamışdı. Qorxurdular ki, Moskvadan bunları tənbeh edəcəklər. Ona görə bu tarixi gün həmişə həm qürur mənbəyimiz olmalıdır, həm də daim yadda saxlamalıyıq ki, biz müstəqilliyi əbədi, dönməz etməliyik. Bunu kim etməlidir? Biz – Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti. Ona görə ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, ölkəmizdə aparılan islahatlar iqtisadi, sosial sahədə, milli dəyərlərlə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, həmişə möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun.
Bir daha sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Bu gözəl bayram münasibətilə bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxtlik arzulayıram. Sağ olun.
XXX
Zəngilan rayonundan məcburi köçkün İbrahim Teymurov dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli Birinci vitse-prezident Mehriban xanım.
İcazə verin, bu əziz gündə Sizi 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edim. Bəli, biz o vaxtlar yiyəsizlik ucbatından didərgin düşdük. Gəlib respublikamızın müxtəlif bölgələrində məskunlaşdıq. Allah rəhmət eləsin, o vaxt Ulu Öndər bizə kim harada məskunlaşmışdısa yaxşı şərait yaratdı və biz mümkün qədər respublikanın o vaxtkı gücü səviyyəsində lazımi şəraitdə məskunlaşdıq. Düzdür, çətin zamanlar idi, yataqxanalar idi, çadırlar yaradılmışdı. O vaxtdan bəri mərhələ-mərhələ, davamlı olaraq bu çadır şəhərcikləri yeni-yeni şəhərlərin tikilməsi ilə ləğv olundu. Üzü bəri davamlı olaraq yenə də, möhtərəm Prezident, Sizin sayənizdə, Sizin quruculuğunuz nəticəsində davamlı surətdə neçə-neçə şəhərcik salındı. Bu, heç də sadə iş deyil. Bu gün biz buraya gələndə girib evlərə baxdıq. Müasir məktəb, hər bir şərait, infrastruktur çox gözəldir. Biz hamımız Sizə çox böyük alqış edirik, minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, Siz məcburi köçkünləri həmişə yadda saxlayırsınız, həmişə qayğımıza qalırsınız. Minnətdarıq Sizə. Möhtərəm Prezident, bayaq qeyd etdiniz, Allahın köməyi, Sizin iradəniz və başçılığınız ilə biz o bayrağı aparıb Şuşada və işğal olunmuş digər torpaqlarda Sizinlə birgə sancacağıq. Allah o günü bizə göstərsin. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
X X X
Şuşa rayonundan məcburi köçkün Könül İsmayılova dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli Mehriban xanım.
Mən də bu gözəl gündə çıxış etmək istəyirəm. Biz elə bir gündə qarşılaşmışıq ki, bu gün həm bu gözəl “Qobu Park” açılır, həm də Respublika Günü qeyd edilir. Hamımızı təbrik edirəm. Bu gözəl gündə demək istəyirəm ki, məcburi köçkünlərin üzərində Sizin daim qayğınız və diqqətiniz olubdur. Bu, bizim nəzərimizdən heç vaxt yayınmayıb. Biz həmişə Sizdən bu qayğını və diqqəti görmüşük. Mehriban xanım, Siz məcburi köçkünlərlə, xalqla tez-tez ünsiyyətdə olursunuz, onlarla söhbət edirsiniz. Səmimi söhbətlərinizə həmişə qulaq asmışam, diqqətlə izləmişəm. Siz onların dərdlərini həmişə dinləmisiniz və köməyinizin də bəhrəsini biz həmişə görmüşük. Ona görə biz Sizə xalqın Prezidenti, xalqın Mehriban xanımı deyirik. Biz Sizi bu gözəl gün münasibətilə ürəkdən alqışlayırıq. Bu gözəl həyat, övladlarımızın oxuyacağı bu gözəl məktəb, uşaq bağçası, poliklinika üçün Sizə təşəkkür edirik. Mən bir şuşalı məcburi köçkün kimi arzu edirəm və inanıram ki, - Sizin gördüyünüz işlərin, həyata keçirdiyiniz layihələrin şahidiyəm, - Şuşada da mənzillərimizin açarlarını Sizin əlinizdən alacağıq. Biz buna inanırıq və Sizə çox minnətdarıq. Bu gözəl gün münasibətilə Sizi ürəkdən təbrik edirik. Sizin yaxşılıqlarınız heç vaxt yadımızdan çıxmayacaq, heç vaxt unudulmayacaq. Gördüyünüz işlər davamlıdır, olub və həmişə də olacaq. Sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bir daha bayramınız mübarək olsun!
X X X
Qeyd edək ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, pandemiyanın qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial-iqtisadi inkişafa hesablanan layihələrin uğurlu icrası ardıcıllıqla davam etdirilir. Bunun nəticəsini hər bir vətəndaş, o cümlədən qaçqın və məcburi köçkünlər öz həyatlarında hiss edirlər. Ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllidir. Bununla bağlı dövlətimizin başçısı tərəfindən ümumilikdə 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib.
Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşır, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərir. Bu qayğı özünü yeni inşa olunan “Qobu Park-3” yaşayış kompleksində də aydın nümayiş etdirir.



Tehsil-press.az

Oxşar xəbərlər