Prezident doğum günündə məcburi köçkünlər üçün açılış etdi

Prezident doğum günündə məcburi köçkünlər üçün açılış etdi Bu gün 57 yaşını qeyd edən Azərbaycan prezidenti İlham Əliyev növbəti dəfə özəl gününü məcburi köçkünlərlə keçirib.
Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib.
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verdi. Bildirilib ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Kompleksin inşasına bu ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.
Dövlət başçısına məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Sonra dövlət başçısı və birinci xanım uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüblər.
Dövlətimizin başçısı yeni şəhərciyin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib.
Məcburi köçkünlər adından çıxış edən Milli Qəhrəman atası Nəriman Həmidov və Aqil Quliyev yaradılan gözəl şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sakinlərin minnətdarlıqlarını çatdırıblar.

Tehsil-press.az



Oxşar xəbərlər