Təhsil naziri Ceyhun Bayramov uşaqları təbrik edib

Təhsil naziri Ceyhun Bayramov uşaqları təbrik edib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar gələcəyimizdir” adlı onlayn tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq nümunələrini həmyaşıdlarına təqdim etmək, bacarıqlarını daha da inkişaf etdirmək, onları ictimaiyyətə tanıtmaq, uşaqlarda özünəinam, Vətənə məhəbbət, dostluq, sülhsevərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək, ümumilikdə onlar arasında daha yüksək əhval-ruhiyyə yaratmaqdır.
Təhsil naziri Ceyhun Bayramov uşaqları bayram münasibətilə təbrik edərək bu günün bütün dünyada uşaqların müdafiəsi işinə diqqəti artırmaq məqsədilə qeyd olunduğunu nəzərə çatdırıb. Nazir ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısının gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bütün uşaqlar üçün bərabər təhsil imkanlarının təmin olunduğunu söyləyən C.Bayramov koronavirus (COVID-19) pandemiyası dövründə uşaqların təhsildən kənarda qalmaması üçün Azərbaycanda yaradılmış şəraitdən bəhs edib.
BŞTİ-nin müdiri Rəşad Tağıyev ölkəmizdə uşaqlara dövlət səviyyəsində diqqət və qayğının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu ənənənin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. İdarə müdiri çıxışı zamanı Azərbaycanda həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri kimi uşaqların sağlam, firavan böyüməsi və gələcəklərinin tam təmin olunmasına xüsusi şərait yaradıldığını bildirib.
Onlayn tədbir paytaxt məktəblilərinin və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslərlə davam edib. Çıxış edən məktəblilər uşaqlara olan diqqət və qayğının əhəmiyyətinə dair fikirlər söyləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər