Bakı Şəhəri üzrə Təhsil İdarəsi koronavirus pandemiyasının ilk günlərindən fəaliyyətini məsafədən təşkil edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi koronavirus pandemiyasının ilk günlərindən fəaliyyətini məsafədən təşkil edib Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, ilk günlərdən fəaliyyətini məsafədən təşkil edir. Müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur. BŞTİ-də və paytaxtın ümumtəhsil müəssisələrində dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib. Xüsusi qeyd olunmalıdır ki, koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən “Teledərs” layihəsi həyata keçirilib. Ümumtəhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən təşkil edilən teledərslər martın 11-dən başlayaraq telekanallarda həftənin 5 günü şagirdlərə təqdim olunub. Teledərslər bütün sinifləri əhatə edib, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunub. Teledərslərdə paytaxt müəllimləri də fəal iştirak ediblər. Bu dövr ərzində müəllimlərimizin fədakarlığı, peşəkar yanaşması, onlayn dərslərin keçirilməsi təşəbbüsünə qoşulmaları da xüsusi qeyd olunmalıdır. Belə ki, mövcud vəziyyətlə bağlı məktəblərdə fasilə yaransa da, müəllim-şagird ünsiyyəti davam edib və müəllimlər tərəfindən onlayn dərslər keçirilib. Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən digər layihə - “Virtual məktəb” layihəsi reallaşdırılıb. Teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 340 mindən çox istifadəçi qeydiyyatdan keçib. Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 "Qaynar xətt" xidməti fəaliyyət göstərib. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi dövründə evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yaradıblar.146-3 “Qaynar xətt” xidmətində BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin və ümumi təhsil məktəblərinin psixoloqları da səmərəli fəaliyyət göstəriblər.
O bildirib ki, BŞTİ tərəfindən “Böyük zəfərin başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. “Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsinə 2000-dək rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 9 iştirakçı qalib seçilib, 15 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb. Təhsil İdarəsi tərəfindən 28 may - Respublika Gününə həsr edilmiş onlayn videotəqdimat müsabiqəsi keçirilib. VII-XI sinif şagirdləri arasında baş tutan müsabiqənin nəticələrinə əsasən 6 iştirakçı qalib seçilib. BŞTİ tərəfindən keçirilən “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələri mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi keçirilib. Həmçinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar gələcəyimizdir” adlı onlayn tədbir təşkil olunub. Onlayn tədbirə Təhsil naziri Ceyhun Bayramov da qoşulub və uşaqları təbrik edib. İdarə tərəfindən sosial-maarifləndirmə layihəsi həyata keçirilib. Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan psixoloqların müvafiq mövzular üzrə hazırlanmış yığcam videomüraciətləri ictimaiyyətə təqdim olunub. 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn bayram tədbiri təşkil edilib.
R.Tağıyev bildirib ki, xüsusi karantin rejimi dövründə paytaxtdakı ümumtəhsil müəssisələrinin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşularaq çoxsaylı xeyriyyə aksiyaları keçiriblər. Paytaxt məktəbliləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərib, fərqli təşəbbüslərlə çıxış ediblər. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri evdə çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri videoçarx və fotogörüntülərdə “Evdə qal, bu, bir tətil deyil!”, “Evdə qal, kitab oxu!”, “Evdə qal, təhsildən qalma!”, “Evdə qal, virusa son qoy!”, “Evdə qal, nümunə ol!” və digər bu kimi fikirləri ifadə ediblər. Həmçinin videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə etməyin yolları barədə məlumat veriblər. COVID-19 pandemiyası ilə mübarizədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin valideyn və uşaqlar üçün nəzərdə tutulmuş müvafiq məlumatları BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanıb. Həmçinin daha çox valideynə və şagirdə çatdırılması üçün məlumatların məktəblərin və təhsil işçilərinin sosial şəbəkə səhifələrində yayımlanması istiqamətində müvafiq tədbirlər görülüb.
Paytaxtın ümumtəhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib. BŞTİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.
“Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar, görülən təsirli tədbirlərin böyük ictimai dəstək qazanması Azərbaycan cəmiyyətində təşəkkül tapmış qarşılıqlı etimad mühitinin təzahürüdür. Xalqın öz dövlətinə və ölkə rəhbərinə olan inamı hər bir problemi həll edəcəyimizə, bu sınaq mərhələsini də uğurla adlayacağımıza əminlik hissi yaradır. Ancaq bunun üçün dövlətin həyata keçirdiyi tədbirlərə hər bir vətəndaş dəstəyini daha da artırmalı, birlikdə güclü olduğumuzu sona qədər sübuta yetirməliyik. İnsan sağlamlığına hər hansı təhlükə varsa, onu heç nəyə qurban vermək olmaz. Dövlətimizin bütün çağırışlarına əməl etmək, problemin tezliklə aradan qaldırılmasına layiqli töhfə vermək indiki məqamda ən böyük vətənpərvərlik nümunəsidir. Vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı və karantin rejiminə əməl etməlidir ki, xəstəliyə yoluxma sayının daha da artması ilə üz-üzə qalmayaq. Çünki Prezident İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük!”, - deyə Rəşad Tağıyev qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər