“Eldar Həsənov nazirlə görüşə gedərkən saxlanılıb” - Adil İsmayılov

“Eldar Həsənov nazirlə görüşə gedərkən saxlanılıb” - Adil İsmayılov "Eldar Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib. Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam".
Bu barədə Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun vəkili Adil İsmayılov şəxsi feysbuk hesabında məlumat verib.
Vəkilin sözlərinə görə, E.Həsənov həmin gün şübhəli şəxs kimi saxlanılıb, ertəsi gün 14 avqustda Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib:
"Məhkəmənin qərarından apellyasiya şikayəti vermişik. Bu gün 20 avqustda Bakı Apellyasiya məhkəməsi şikayəti təmin etməyib və qərarı qüvvəsində saxlayıb. Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. O, ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib".
Vəkil bildirib ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib:
"Onun səhhətində problemlər var, həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük".

Tehsil-press.az

Oxşar xəbərlər