Milli Məclis Sədrinin müavini Adil Əliyev qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb

Milli Məclis Sədrinin müavini Adil Əliyev qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev builki qəbul imtahanında ən yüksək nəticə göstərərək 700 bal toplamış gənclərlə görüşüb.
Görüş zamanı Sədr müavini ölkəmizdə bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini, o cümlədən təhsil sistemində nəzərəçarpacaq müsbət dəyişikliklərin olduğunu, bu tendensiyaların hazırda da uğurla davam etdiyini bildirib.
Adil Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində nəzərdə tutulan işlər uğurla yerinə yetirilir. Belə ki, hazırda ali təhsil sahəsində ikili diplom proqramları icra edilir və həmin proqramların tərkib hissəsi olaraq gənclərimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi məqsədilə lazımi şərait yaradılır. O bildirib ki, həyata keçirilən islahatların ana xəttində insan kapitalının inkişafı mühüm yer tutur. Bu baxımdan, ölkənin gələcək tərəqqisinin məhz savadlı, vətənpərvər gənclərin əlində olduğunu əminliklə bildirib. Adil Əliyev gənclərə milli-mənəvi dəyərlərimizə bağlı, layiqli vətəndaş olaraq yetişmələrini, təhsildə qazandıqları uğurların ardıcıl olmasını arzulayıb.
Qəbulda imtahanda ən yüksək - 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayev görüşə görə minnətdarlıqlarını bildiriblər. Tələbələr qazandıqları uğurları mütəmadi olaraq dərslərə ciddi hazırlaşmalarında gördüklərini deyərək, artıq gələcəkdə sahib olmaq istədikləri ixtisasları seçdiklərini qeyd ediblər.
Adil Əliyev bir daha gənclərimizi təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. O, Milli Məclisin Gənclər və idman komitəsinin gənclərin fəaliyyətini daim yaxından izlədiyini, gələcəkdə də onlarla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər