Türkiyə universitetləri məzunları Azərbaycanın ictimai həyatında fəallıq göstərirlər

Türkiyə universitetləri məzunları Azərbaycanın ictimai həyatında fəallıq göstərirlər "Hyatt Regency" hotelində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatında rolu" adlı tədbir keçirilib.

28 May Respublika gününə həsr olunmuş tədbir Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
TUMİB üzvü, "tərəqqi" medallı jurnalist Nəcəf Həsənov tədbiri açaraq Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatında oynadığı roldan danışıb.
TUMİB sədri Çingiz Bayramov tədbir iştirakçılarını salamladıqdan sonra çıxışında Respublika Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
Ulu öndər Heydər Əliyevin xaricdə təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran Ç.Bayramov Ümummilli liderimizin siyasətinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
O, Türkiyə universitetlərində təhsil alan Azərbaycan gənclərinin sayının son illərdə xeyli artdığını qeyd edib, məzunların Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini, iqtisadiyyata, elmə, təhsilə, mədəniyyətə və digər sahələrə töhfə verdiklərini söyləyib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib.
Dahi rəhbər Heydər Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini bildirən V.Quliyev Azərbaycan gənçliyinin Heydər Əliyev ideyalarina daim sadiq qaldığını bildirib. Natiq TUMİB-in yaranmasının 16 illiyi münasibəti ilə bütün Türkiyə universitetləri məzunlarını təbrik edib, Təşkilatın Azərbaycanın ictimai həyatındakı fəaliyyətinin daha da genişlənməsini arzu edib.
Milli Məclisin deputatı, əməkdar həkim, Heydər Əliyev Fondunun "Qızıl çinar" mükafatçısı Rəşad Mahmudov ötən əsrin 90-cı illərində Türkiyə universitetlərində təhsil alan azərbaycanlı gənclərin hazırda ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynadığını vurğulayıb. Tanınmış həkim son bir neçə ildə Azərbaycanın səhiyyə sistemində əldə edilmiş uğurlardan danışıb.
R.Mahmudov bildirib ki, səhiyyə sistemində həyata keçirilmiş islahatlarda Türkiyə universitetlərində tibb təhsili almış kadrların müstəsna rolu var.
Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov isə Türkiyə universitetləri məzunlarının Azərbaycanın məhkəmə-hüquq sistemində aparıcı mövqeyə malik olduqlarını vurğulayıb. E.Həsənov qeyd edib ki, Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclər ötən əsrin 90-cı illərin sonlarından başlayaraq, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edirlər.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev Azərbaycan gənclərinin vətəndaş cəmiyyətinin aktiv hissəsi olduğunu vurğulayıb. TUMİB-in ölkənin ictimai həyatında yaxından iştirak etdiyini diqqətə çatdıran nazirlik rəsmisi bu qurum tərəfindən son bir neçə ildə həyata keçirilən layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. F.Babayev yeniyetmə və gənclər arasında vətənpərvərlik hissini yüksəltmək üçün analoji layihələrin icrasına xüsusi ehtiyac olduğunu vurğulayıb.
TUMİB-in İdman Mərkəzinin rəhbəri, karate üzrə dünya çempionu Dəyanət Mikayılov Azərbaycanın müdrik rəhbəri Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb. D.Mikayılov Azərbaycan idmançılarının son illər Beynalxalq arenalarda qazandığı uğurları dövlətin bu sahəyə göstərdiyi xüsusi qayğının təzahürü kimi qiymətləndirib.


Tehsil-press.az

Oxşar xəbərlər