Yaponiyada yeni şahzadə-vəliəhdin təqdimolunma mərasimi keçirilib

Yaponiyada yeni şahzadə-vəliəhdin təqdimolunma mərasimi keçirilib Tokioda şahzadə Akişinonun Yaponiya taxtının vəliəhdi elan olunmasına həsr edilən mərasim keçirilib.
Mərasim NHK telekanalı ilə birbaşa yayımlanıb. İmperator sarayının zallarından birində təşkil edilən və “Rikkoşi no rey” adlanan ilk mərasimdə 54 yaşlı şahzadə Akişino narıncı rəngdə ənənəvi geyimdə iştirak edib.
Qeyd edək ki, şahzadə-vəliəhdin təqdim olunması mərasimi 350 nəfərin iştirakı ilə cari ilin aprelində keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar mərasimin vaxtı dəyişdirilib və tədbirdə yalnız 50 nəfərin iştirakına icazə verilib. İmperator ailəsinin üzvləri də daxil olmaqla mərasimin bütün azsaylı iştirakçıları tibbi maskada olublar.
Təqribən 15 dəqiqə davam edən mərasimi Yaponiyanın yeni İmperatoru Naruhito açıb. “Şahzadə Akişinonu vəliəhd elan edirəm”, - deyə İmperator bildirib.
Mərasimdə iştirak edən Baş nazir Yoşihide Suqa yeni vəliəhd-şahzadəni hökumət adından təbrik edib. Baş nazir çıxışında İmperator ailəsinin Yaponiya əhalisinə göstərdiyi mənəvi dəstəyi xüsusi vurğulayıb.
“Rikkoşi no rey” çərçivəsində ikinci mərasim günün ikinci yarısında keçiriləcək və bu zaman İmperator şahzadə Akişinonun taxtın vəliəhdi elan olunduğunu təsdiq edən “Tsubokiri” qılıncını ona təqdim edəcək.
Yaponiyada davam edən koronavirus pandemiyasına görə, şahzadə Akişinonun vəliəhd elan olunması ilə əlaqədar ziyafət təşkil edilməyəcək.
Məlumat üçün qeyd edək ki, 54 yaşlı şahzadə-vəliəhd Akişino 2019-cu il mayın 1-də taxta çıxmış İmperator Naruhitonun kiçik qardaşıdır. Bundan sonra şahzadə Akişino taxta çıxmaq üçün növbədə olan birinci vəliəhddir. İkinci vəliəhd isə onun oğlu 13 yaşlı şahzadə Hişahitodur.
Anadan olarkən Fumihito adını almış şahzadə-vəliəhd Akişino yaponlar arasında İmperator ailəsinin müasir Yaponiyada rolu barədə açıq fikirləri ilə tanınıb. O, dəfələrlə bəyan edib ki, Yaponiya İmperator ailəsi müasir tələblərə uyğunlaşmalı və yeni reallıqlara uyğun şəkildə dəyişməlidir. Şahzadə-vəliəhd buna təsir etmək üçün bütün imkanlarını sərf edəcəyini də deyib.

Tehsil-press.az

Oxşar xəbərlər