Erməni vandalizminin qurbanı olan abidələrimiz – Ağoğlan monastırı

Erməni vandalizminin qurbanı olan abidələrimiz – Ağoğlan monastırı Ermənistan uzun illər ərzində işğal altında saxladığı Dağlıq Qarabağ və ona bitişik rayonların erməni torpaqları olması barədə iddiasını əsaslandırmaq üçün bu ərazilərdə yerləşən müxtəlif əsrlərə aid abidələrin dağıdılaraq yox edilməsinə və mənimsənilməsinə çalışıb.
Bu fikirləri Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, Beynəlxalq Memarlar Akademiyasının həqiqi üzvü Faiq İsmayılov deyib.
O bildirib ki, erməni vandalizminin qurbanı olan abidələrimizdən biri də Ağoğlan monastırıdır. Monastır Laçın rayonunda yerləşir. Əsası V-VI əsrlərdə qoyulmuş abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarı ilə monastır üslubuna uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanılıb, köhnə divarlar üzərində yeni divarlar tikilib. Bərpadan sonra Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilib.
Faiq İsmayılov diqqətə çatdırıb ki, Ermənistan 1992-ci ildə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib. Monastırın mühafizə divarı dağıdılaraq ikinci giriş qapısı açılıb. Abidənin memarlıq quruluşunda dəyişiklik edilərək sağ divarı dağıdılıb və oraya qapı yerləşdirilib. 2005-ci ildə monastırın sağ divarının bir neçə metrliyində 6 qəbir daşı qoyulub. Abidənin daxili və xarici divarları üzərində olan, 26 alban simvolu və divar yazıları dəyişdirilib, orijinal bədii nümunələr tamamilə silinib. Kompleksin girişində bazalt daşdan hazırlanan 2,5 metr hündürlüyündə bir neçə xaç quraşdırılıb. Abidənin üzəri ehtiyac olmadığı halda dəmir lövhələrlə örtülüb.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tarixi ata-baba torpaqlarımızı işğaldan azad etdi. Əminəm ki, Ermənistan dövləti ərazilərimizdə törətdiyi bütün vandal aktlara görə beynəlxalq hüquq qarşısında tezliklə cavab verəcək. Azərbaycan öz tarixi torpaqlarında erməni vandalizminə məruz qalan bütün tarixi-mədəni abidələrini ilkin memarlıq quruluşuna uyğun bərpa edəcək”, - deyə Faiq İsmayılov qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər