İşıqlı insan, zəkalı alim, novator yazıçı – Kamal Abdulla

İşıqlı insan, zəkalı alim, novator yazıçı – Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 yaşı tamam olur.
Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva “İşıqlı insan, zəkalı alim, novator yazıçı” adlı məqaləsində akademik Kamal Abdullanın zəngin yaradıcılığının müəyyən məqamlarından, bioqrafiyasından, təmənnasız xeyirxahlığından, böyük şəxsiyyətin, tanınmış dilçi alimin, unikal yazıçı, təcrübəli təhsil işçisi və pedaqoqun insani keyfiyyətlərindən bəhs edib.
Həmin məqalədən bəzi parçaları təqdim edirik.
Əbəs deyil ki, Kamal Abdulla 26 yaşında artıq filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Onun “Sintaktik paralelizm (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə)” mövzusunda dissertasiya işini dünyanın nüfuzlu türkoloq alimləri yüksək qiymətləndiriblər. Kamal müəllim Moskvada - SSRİ Elmlər Akademiyasında qalıb işləmək təklifi alsa da, doğma Vətəninə - Azərbaycana qayıdıb burada fəaliyyət göstərməyi, milli elmimizin, ədəbiyyatımızın inkişafı üçün çalışmağı üstün tutub. 1984-cü ildə “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Akademik Kamal Abdullanın dilçilik elminə, təhsilimizə verdiyi töhfələr, istedadı, idarəçilik qabiliyyəti, əzmkarlığı nəzərə alınaraq o, bir sıra yüksək vəzifələrə irəli çəkilib. Çalışdığı vəzifədən asılı olmayaraq o, ilk dəfə əmək fəaliyyətinə başladığı Dilçilik İnstitutunu heç vaxt unutmayıb. Elə indi də bir akademik, beynəlxalq “Türkologiya” jurnalının baş redaktoru kimi bu institutla vaxtaşırı əlaqə saxlayır.
Kamal Abdullanın dilçilik sahəsində yaradıcılığı ilə mən hələ Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində türk filologiyası ixtisası üzrə təhsil alarkən tanış olub bəhrələnmişdim. Tale elə gətirdi ki, universiteti bitirdikdən sonra akademiyanın Dilçilik İnstitutunun türk dilləri üzrə aspiranturasına qəbul oldum. Türk dilləri şöbəsində dissertasiya işi yazıb müdafiə etdim və həmin qurumda daimi işə götürüldüm. Bundan sonra Kamal müəllimin yaradıcılığı ilə daha dərindən tanış olmağa başladım. Bəri başdan deyim ki, Kamal Abdulla yaradıcılığı son dərəcə zəngin, dərin və çoxşaxəlidir. Onu əxz eləmək üçün illərlə vaxt lazımdır. Görkəmli alimin dilçiliyə, ədəbiyyatşünaslığa, ədəbiyyat və poetika məsələlərinə dair əsərlərinin adlarını belə sadalasaq, böyük bir kitab həcmində siyahı alınar. Kamal müəllimin geniş oxucu kütləsinə tanış olan hər bir kitabı haqqında müxtəlif vaxtlarda ayrı-ayrı mütəxəssislər geniş rəylər yazıb, fikir söyləyiblər.
Silinməz yaddaşı, möhkəm iradəsi olan akademik Kamal Abdulla yaradıcılığı müasir həyatın inkişaf ritmi ilə həmahəngdir. O, nəinki Azərbaycan ədəbiyyatına, ümumiyyətlə, dünya ədəbiyyatına yenilik gətirən yazıçılarımızdandır. Əsərlərinin əksəriyyətində yaddaş probleminin fəlsəfəsi açılır. Köhnəlik tam inkar olunmamaqla yeniliklər cərəyan edir Kamal Abdulla yaradıcılığında. Buna görə də onun bədii yaradıcılığı Azərbaycandan çox-çox uzaq ölkələrdə rəğbətlə qarşılanır.
Kamal Abdullaya şöhrət qazandıran əsərləri “Yarımçıq Əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti” romanları əldən-ələ gəzən kitablardandır. Onun, demək olar ki, bütün romanları, hekayələri, esseləri müxtəlif dillərə tərcümə edilib, bir sıra xarici ölkələrin nüfuzlu nəşriyyatlarında böyük tirajla çap olunub. Yazıçının öz məktəb həyatından bəhs edən “Tarixsiz gündəlik” povesti də çox maraq doğuran nəşrlərdəndir. Əsər müxtəlif dillərə tərcümə edilərək nüfuzlu toplulara daxil edilib, kütləvi tirajla çap olunub. Onun müxtəlif illərdə Türkiyə, Rusiya, Litva, Qazaxıstan, Fransa, Yaponiya, İran, ABŞ, İtaliya və Rumıniyada çap olunmuş “Sehrbazlar dərəsi” romanı bu yaxınlarda Almaniyada da nəşr edilib, “Amazon”, “Booklooker” və “Epubli” kimi böyük kitab satışı saytlarında yayımlanıb.
Kamal müəllim rəhbərlik etdiyi ali məktəbin tələbələrinin də etibarlı dayağıdır, əsl pedaqoqdur. Universitetdə tələbələrin müəllimlər tərəfindən yersiz olaraq sıxışdırılması sıfıra bərabərdir. Çünki onlar bilirlər ki, rektor birinci növbədə tələbələrin dostudur. Kamal müəllim dəhlizdə, foyedə görünən kimi tələbələr onunla salamlaşır, ətrafına toplaşıb problemləri varsa, bildirirlər. Mədəni davranışı, sadəliyi, mehriban münasibətilə diqqət çəkən rektor onları təmkinlə dinləyir, dərd-sərlərinə müdaxilə etməyə səy göstərir.
Akademik Kamal Abdullanın dilçilik, ədəbiyyat, mədəniyyət sahəsindəki uğurları, ictimai-siyasi fəaliyyəti dövlət və hökumətimiz tərəfindən yüksək qiymətləndirilib. O, neçə-neçə dövlət mükafatına, fəxri adlara layiq görülüb, orden və medallarla təltif edilib.
Əməkdar elm xadimi, Birinci dərəcəli dövlət müşaviri, Türk Dil Qurumunun fəxri üzvü, Gürcüstan Təhsil Elmlər Akademiyasının həqiqi üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının akademiki olan Kamal Abdulla ömrünün kamillik dövrünə qədəm qoyub. Görkəmli alim, məhsuldar yazıçı, əsl Azərbaycan ziyalısı, böyük şəxsiyyət, akademik Kamal Abdulla hazırda da yaradıcılığını əzmkarlıqla davam etdirir. Böyük ziya sahibi, işıqlı insan, zəkalı alim, novator yazıçı, akademik Kamal Abdullanı 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Tehsil-press.az

Oxşar xəbərlər