BDU-nun Psixoloji yardım sektorunun əməkdaşı erməni terrorundan əziyyət çəkən uşaqlara kömək göstərir

BDU-nun Psixoloji yardım sektorunun əməkdaşı erməni terrorundan əziyyət çəkən uşaqlara kömək göstərir UNICEF-in təşkil etdiyi layihə çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun əməkdaşı Natavan Həsənzadə 44 günlük Vətən müharibəsi dövründə erməni terrorundan zərər çəkmiş və hazırda sığınacaqda olan uşaqlara ilkin psixoloji yardım göstərir.
Dekabrın 1-dən başlayan layihənin birinci mərhələsində Natavan Həsənzadə bir qrup psixoloq və sosial işçi qrupu ilə birgə müvafiq bölgələrdə uşaqlara ilkin psixoloji yardım göstərmək məqsədilə konsultasiyalar keçirir. İlkin mərhələdə psixodiaqnostik metodların köməyilə korreksiyaedici proqram üzrə aparılacaq işlərin strategiya və taktikası müəyyən olunur, ailə üzvlərinin ümumi və psixoloji durumları təyin edilir, zərərçəkmiş insanlarla ilkin psixodiaqnostik iş aparılır, psixoloji dəstəyə ehtiyacı olan insanların qrupları müəyyənləşdirilərək iş planı qurulur. Terror nəticəsində travma alan uşaqların psixi inkişafında baş verə biləcək qüsurların qarşısını almaq məqsədilə psixodiaqnostika, psixokorreksiya, psixoloji məsləhət və psixoprofilaktika istiqamətində konsultasiyalar keçirilir. Ermənilərin raket hücumlarından dərin sarsıntı keçirmiş, dəhşətli terrorun ağrı-acısını yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələrlə, uşaqlarla mütəmadi profilaktik söhbətlər aparılır, psixoloji yardımlar göstərilir.
Layihənin əsas məqsədi Gəncə, Bərdə, Ağcabədi və Goranboy rayonlarında müharibə dövründə zərərçəkmiş uşaqların post-tramvatik stres mərhələsində psixoloji sağlamlıqlarının bərpasına kömək etmək, onlara normal həyata adaptasiya olunmalarına dəstək göstərməkdən ibarətdir. Layihənin növbəti mərhələsində yaş qrupları üzrə terapiya, fərdi konsultasiyalar və psixoloji təlimlər həyata keçiriləcək.
Xatırladaq ki, UNICEF ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyi birgə olaraq üç ekspress-təlim keçirib. Psixoloqlar və sosial işçilər üçün keçirilən təlimlərdə BDU-nun Psixoloji yardım sektorunun əməkdaşları Natavan Həsənzadə və Turqay Əlisalamzadə fəal iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər