Vətən müharibəsinin başladığı ilk gündən ölkə başçısının diqqət və qayğısı erməni vandalizmindən zərər çəkmiş vətəndaşlarımızın üzərində idi - Tamam Cəfərova

Vətən müharibəsinin başladığı ilk gündən ölkə başçısının diqqət və qayğısı erməni vandalizmindən zərər çəkmiş vətəndaşlarımızın üzərində idi - Tamam Cəfərova Azərbaycan xalqının rifahı, maddi və mənəvi tələbatlarının ödənilməsi hər zaman Azərbaycan hökümətinin və Prezidentinin sosial siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Vətən müharibəsinin başladığı ilk gündən ölkə başçısının diqqət və qayğısı erməni vandalizmindən zərər çəkmiş vətəndaşlarımızın üzərində idi. Hələ müharibənin aktiv fazası başa çatmamış yaşayış yerləri erməni vəhşiləri tərəfindən dağıdılmış əhalinin müvəqqəti məskunlaşdırılması üçün müvafiq addımların atılması, onların həyat şəraitinin təmin olunması üçün ardıcıl tədbirlərin görülməsi bir daha Azərbaycan dövləti və Prezidenti üçün insan amilinin hər şeydən önəmli olduğunu göstərdi. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində imzalanmış Sərəncam mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Millət vəkili açıqlamasında qeyd edib ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası və 11 nəfərdən ibarət işçi qrupu yaradıldı. Beləliklə, yaranmış problemlərin aradan qaldırılması üçün komissiya öz işinə başladı və ilkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyevin növbəti Sərəncamı ilə müvafiq tədbirlərin görülməsinə başlandı.
Bu Sərəncama əsasən, erməni vandalizmi nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Maliyyələşməni nəzərdə tutulan maddi yardım yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödəniləcək.
T.Cəfərova xüsusilə vurğulayıb ki, bu, şəffaflığı təmin etməklə yanaşı, zərərçəkmiş əhalinin ayrılan yardımı operativ şəkildə, maneəsiz almasına kömək edəcək. Həmçinin qeyd etməliyik ki, növbəti mərhələdə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq.
Sonda millət vəkili qeyd etdi ki, görülmüş bütün tədbirlər hökümətin və ölkə başçımızın xalqa göstərdiyi diqqət və qayğının bariz örnəyidir.

Tehsil-press.az

Oxşar xəbərlər