Qənirə Paşayeva: Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün vacib layihələr həyata keçirir

Qənirə Paşayeva: Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün vacib layihələr həyata keçirir Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüb.
Qənirə Paşayeva Xalq yazıçısının 70 illik yubileyinin qeyd edilməsinin əlamətdar hadisə olduğunu deyib, rəhbərlik etdiyi komitənin təbrik məktubunu və hədiyyəsini ona təqdim edib. Kamal Abdullanın dəyərli yazıçı, alim və ziyalı olduğunu vurğulayan deputat deyib: “Dünyanın bir çox ölkələrində çap olunan, sevilən yazıçı kimi sizin əsərlərinizi sevə-sevə oxuyur, öyrənirik. Eyni zamanda, elm və təhsil istiqamətində xalqımız üçün çox dəyərli işlər görürsünüz. Milli Məclisin Mədəniyyət komitəsi olaraq hansı işlərdə yanınızda ola biləriksə, hər zaman hazırıq. Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün bir çox vacib layihələr həyata keçirir. Hər birimiz bu işləri təbliğ etməkdən ötrü hansı addımları ata biləriksə, böyük məmnuniyyətlə dəstək verməyə hazırıq”.
Kamal Abdulla xoş sözlərə və diqqətə görə Qənirə Paşayevaya təşəkkürünü bildirib: “Mən də, həmkarlarım da sizi Vətənimizin çox mərd, intellektual, ürəyi qaynar məhəbbətlə döyünən insanı kimi tanıyırıq. Bilirəm ki, Mədəniyyət komitəsinin işlərində son dərəcə ciddi dəyişmələr baş verir. Biz də ali təhsil ocağı kimi bütün işlərinizə dəstək verməyə hazırıq. Gələcəkdə tələbələrin sizinlə canlı ünsiyyətini qurmaq xoş olardı. Bunun universitetin imicinə, tələbələrimizin formalaşmasına çox böyük təsiri olardı”.
Görüşdə təhsil, mədəniyyət, multikulturalizm və digər mühüm istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb. Kamal Abdulla Qənirə Paşayevaya ADU-nun layihəsi olan “Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabının hazırlanması haqqında məlumat verib. Bildirilib ki, davamlı layihə olan bu iş 1991-ci ilin oktyabrından bu günə qədər olan dövrü əhatə edir. Kitab müstəqillik əldə etmiş Azərbaycanın inkişafı ilə bağlı dinamikanı izləməyə kömək edəcək. Kitabın əsas məqsədi həmin illər ərzində ingilisdilli, fransızdilli, almandilli KİV-də nəşr olunmuş analitik məqalələri və xarici KİV-də müstəqil Azərbaycan obrazının nə cür əks olunmasını müəyyənləşdirməyə xidmət edir. Layihəsinin ərəb, ispan, Çin və digər dünya ölkələri mənbələrində də davam etdirilməsi, tədqiqatların aparılması nəzərdə tutulub.
Qənirə Paşayeva bildirib ki, layihənin miqyasının daha da genişləndirilməsi üçün Milli Məclisdə məsələ qaldıracaq. O, eyni zamanda, Kamal Abdullanın Türkdilli Ölkələrin Dədə Qorqud Akademiyasının yaradılması təşəbbüsünün vacibliyinə də diqqət çəkib və bu istiqamətdə zəruri addımların atılmasına öz töhfəsini verəcəyini deyib.

Tehsil-press.az

Oxşar xəbərlər