Mehriban Vəliyeva: Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində monitorinqlər aparılacaq

Mehriban Vəliyeva: Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində monitorinqlər aparılacaq Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi mərhələli şəkildə əyani formada təşkil olunacaq.
Ümumi təhsil müəssisələrində ilk olaraq ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunacaq. Bunun üçün təhsil müəssisələrinin rəhbərlərinə və müəllimlərə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı göstəriş və tapşırıqlar verilib. Təhsil müəssisələri şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri vasitələrlə təmin olunub.
Bunu yanvarın 27-də "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, məktəblərdə sıxlığın qarşısının alınması və fiziki məsafənin təmin olunması məqsədilə müəssisələrin bütün qapılarının giriş və çıxışı üçün istifadəsi təmin olunacaq. Təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər arasında minimum 1,5 metr fiziki məsafə təmin olunur və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançada növbə yerləri döşəmə işarələri ilə ayrılır. Həmçinin təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilir.
M.Vəliyeva qeyd edib ki, əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq və ictimaiyyətə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər