“WorldSkills Azerbaijan” və UFAZ-ın əməkdaşlıq imkanları müzakirə edilib

“WorldSkills Azerbaijan” və UFAZ-ın əməkdaşlıq imkanları müzakirə edilib “WorldSkills Azerbaijan” (WSA) platformasının nümayəndə heyəti ilə Azərbaycan-Fransız Universitetinin (UFAZ) rəhbər heyəti arasında görüş keçirilib.
“WorldSkills” hərəkatının əsas fəaliyyət istiqamətləri və ölkədə bacarıqların inkişaf etdirilməsi istiqamətində verəcəyi töhfə görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı Azərbaycanda təhsilin və kadr hazırlığının inkişaf perspektivləri, bu məsələdə hər iki qurumun ortaq məqsədləri, eləcə də mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
UFAZ-ın direktoru Vazeh Əsgərov başçılıq etdiyi qurumun təhsilin inkişafına töhfə verəcək təşəbbüsü dəstəkləyəcəyini və “WSA” platformasının həyata keçirəcəyi tədbirlər üçün universitetin qapılarının hər zaman açıq olduğunu vurğulayıb.
Qeyd edək ki, “WSA” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. “WorldSkills” hərəkatına qoşulmaq Azərbaycana bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

Tehsil-press.az



Oxşar xəbərlər