Bakı Dövlət Universitetinin tələbələri yenidən tədris laboratoriyalarında

Bakı Dövlət Universitetinin tələbələri yenidən tədris laboratoriyalarında Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura pillələrində praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və tələbələrin fiziki iştirakını tələb edən fənlər üzrə tədris ənənəvi formada bərpa olunub.
Fizika, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya və Şərqşünaslıq fakültələrində bəzi ixtisaslar üzrə tələbələr xüsusi dərs cədvəli əsasında, növbəlilik prinsipi qorunmaqla ənənəvi formatda laboratoriya dərslərinə cəlb edilib. Digər dərslərin tədrisi isə onlayn formatda uğurla davam etdirilir.
BDU-da tədris prosesini təmin etmək üçün geniş və zəruri avadanlıqlarla təchiz olunmuş laboratoriyalar hazırlıq vəziyyətinə gətirilib. Karantin rejiminin tələbələrinə ciddi riayət olunur. Sosial məsafənin qorunması üçün növbəli dərs cədvəlləri qurulub, tələbələr arasında məsafənin 1,5 metrdən az olmaması təmin edilib.
Xatırladaq ki, pandemiya ilə mübarizə məqsədilə BDU-da müntəzəm olaraq dezinfeksiya işləri aparılır. BDU-nun giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar qovşaqlarda, dəhlizlərdə, yataqxanalarda, yeməkxanalarda və s. COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirmə posterləri, nişan və göstəricilər yerləşdirilib. Giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılıb, sanitar qovşaqlarda əl dezinfeksiyaedici məhlullar və digər gigiyenik vasitələr yerləşdirilib. Əməkdaş və tələbələr elektron termometrlə hərarəti ölçüldükdən sonra yalnız tibbi maska ilə universitet ərazisinə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.

Tehsil-press.az


Oxşar xəbərlər