Neft və Sənaye Universitetində yeni tədris ili sentyabrın 15-də onlayn qaydada başlanacaq

Neft və Sənaye Universitetində yeni tədris ili sentyabrın 15-də onlayn qaydada başlanacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2020-2021-ci tədris ili sentyabrın 15-də onlayn qaydada başlanacaq.
Təhsil naziri Emin Əmrullayevin avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə qeyd etdiyi kimi, I kurs tələbələri istisna olmaqla, digər kurslarda təhsil alan tələbələr sentyabrın 15-dən etibarən distant qaydada tədrisə başlayacaqlar.
Bu ali məktəbin qiyabi şöbəsində, eləcə də universitetin nəzdindəki Azərbaycan-Fransız Universitetində, Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda təhsil alan tələbələrin də ilk dərs günü onlayn qaydada sentyabrın 15-də olacaq. Təhsil Nazirliyinin təlimatlarını rəhbər tutaraq ADNSU karantin rejiminin qaydalarına əməl olunmaqla I kursa qəbul olan tələbələri universitetdə əyani olaraq qarşılamağa da hazırdır.
Azərbaycan Respublikasında koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi qaydalara ilk gündən ciddi riayət edən ADNSU ölkədə epidemioloji vəziyyətin təhlili və Təhsil Nazirliyinin təlimatları əsasında bəzi ixtisaslar üzrə təhsil alan tələbələrin laboratoriya məşğələlərini əyani şəkildə sosial məsafə, maska taxılması və s. əməl olunması şərtilə təşkil etməyə hazırdır.
Ötən tədris ili martın 3-dən etibarən ölkənin bütün təhsil müəssisələrində tədris prosesi dayandırıldıqdan sonra ADNSU martın 29-dan onlayn tədrisə start verərək dərslərin əhatə olunması və tələbələrin onlayn tədrisə cəlb edilməsi baxımından ən yüksək göstəricilər əldə edib. Bu, ADNSU-da hələ 2016-cı ildə tələbə və müəllimlərin istifadəsinə verilmiş Unibook – “Elektron universitet” sistemi, 2018-ci ildən fəaliyyətə başlamış, çoxlu sayda yerli və beynəlxalq resurslara çıxış imkanlarını təmin edən “Azİİ-elektron kitab evi”nin elektron kitab bazası, 2019-cu ildən istifadəyə verilmiş “Web-auditoriya” sistemi, eləcə də Təhsil Nazirliyinin təhsil müəssisələrinə təklif etdiyi “Microsoft Teams” platformasının birgə potensialından istifadə edilməsi sayəsində mümkün olub.
ADNSU-da iyun-iyul aylarında, ilk təcrübə olmasına baxmayaraq, yüksək şəffaflıq və obyektivlik şəraitində keçirilmiş onlayn imtahanlar başa çatdıqdan sonra karantin rejiminin davam etməsi şəraitində onlayn tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində işlər davam etdirilib - internetə, elektron kitabxananın resurslarına çıxış imkanları genişləndirilib, yeni rəqəmsal həllər işlənib hazırlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər