UNEC-də 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

UNEC-də 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov ermənilərin tarixboyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti və onun dəhşətli nəticələrindən söz açıb. Bu siyasətin məqsədinin azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu “böyük Ermənistan” dövləti yaratmaq olduğunu deyən Ş.Əsgərov 1918-ci il 30-31 mart tarixlərində ermənilərin Azərbaycanda ümumilikdə əlli minə yaxın insanı xüsusi amansızlıqla qətlə yetirdiyini bildirib. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini və bu sənədin xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığı diqqətə çatdırıb.
Sonra Humanitar fənlər kafedrasının müdiri, professor Vəkil Həsənov 31 mart soyqırımı hadisələrinin tarixi və faciənin ağır nəticələri barədə məruzə ilə çıxış edib. O, soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm yaddaş formalaşdırılması, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olunması, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birlik nümayiş etdirilməsinin önəmini vurğulayıb.
Tədbirdə çıxış edən professorlar Abbas Seyidbəyli və Hidayət Cəfərov soyqırımı haqqında fikirlərini bölüşüblər. Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatların ölkəmizin haqq işini müdafiə etdiyini və Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər