İordaniya agentliyi akademik Zərifə Əliyevaya həsr olunmuş məqalə yayımlayıb

İordaniya agentliyi akademik Zərifə Əliyevaya həsr olunmuş məqalə yayımlayıb İordaniyanın “Nayrouz” informasiya agentliyi akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə geniş məqalə yayımlayıb.
Tədqiqatçı və jurnalist Ömər əl-Armutinin müəllifi olduğu “Zərifə Əliyeva: Oftalmologiya elminin mehrabı” sərlövhəli məqalədə Azərbaycanın görkəmli alimi, gözəl ana və ziyalı qadın Zərifə xanımın elmi-pedaqoji fəaliyyətindən, zəngin həyat yolundan bəhs edilir. Müəllif yazır: “Zərifə Əliyeva Şərqin görkəmli qadın alimlərindən biri idi. Onun yenilikçi alim kimi oftalmologiya elminə verdiyi əvəzsiz töhfə, həmçinin bir ana kimi yüksək mənəvi keyfiyyətləri Azərbaycan xalqının dərin ehtiramına səbəb olub. Zərifə xanım haqqında çoxlu sayda kitab və məqalələr yazılıb, alimin oftalmologiya sahəsində fundamental tədqiqatları Azərbaycanın və dünyanın tibb elmində yeni bir səhifə açıb”.
Məqalədə qeyd olunub ki, Zərifə Əliyevanın apardığı az intensiv zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar oftalmologiyanın bu sahəsində açılan yeni cığır olub. Təsadüfi deyil ki, alim SSRİ-nin Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü seçilib, habelə yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın olub. Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov yazırdı ki, Zərifə Əliyeva çox müdrik insan və işinin böyük peşəkarı idi.
Müəllif vurğulayıb ki, Zərifə Əliyeva həm də şəfqətli ana, sədaqətli həyat yoldaşı və müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ömür-gün yoldaşı idi. Müdrik şəxsiyyət, gözəl ana, yüksək mənəviyyata malik olan insan və görkəmli alimin əziz xatirəsi daim ürəklərdə yaşayacaq.

Tehsil-press.az


Oxşar xəbərlər