Şərqşünaslıq İnstitutu ilə İraqın elm və təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Şərqşünaslıq İnstitutu ilə İraqın elm və təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib İraq Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Huthayfa Z.Mahmud mayın 17-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
Görüş zamanı G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən danışaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. O, Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.
Huthayfa Z.Mahmud Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatların onda maraq doğurduğunu bildirib.
Görüşdə Şərqşünaslıq İnstitutu ilə İraqın elm və təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Qarşılıqlı elmi ezamiyyətlər, konfranslarda iştirak və digər sahələrdə əməkdaşlıq imkanları barədə söhbət aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər