Memarlıq və İnşaat Universitetinin rektoru yay imtahan sessiyası ilə bağlı tələbələrlə görüş keçirib

Memarlıq və İnşaat Universitetinin rektoru yay imtahan sessiyası ilə bağlı tələbələrlə görüş keçirib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova yay imtahan sessiyasından əvvəl tələbələrlə onlayn görüş keçirib.
Görüşün keçirilməsində məqsəd cari semestrdə imtahan sessiyasına hazırlıq, onlayn imtahan forması ilə bağlı tələbələrin problemlərini dinləmək və suallarını cavablandırmaq, yekun dövlət attestasiyası, buraxılış işləri, o cümlədən sosial həssas qrupa aid tələbələrin təhsil haqlarının ödənilməsi və s. məsələləri aydınlaşdırmaq olub.
Rektor pandemiyanın digər sahələrdə olduğu kimi, təhsil sisteminə, tədris prosesinə mənfi təsirinə toxunub, bütün çətinliklərə baxmayaraq, universitetdə onlayn dərslərin uğurla aparıldığını, müəllim və tələbələrin aktivliyini xüsusi qeyd edib. İki saata yaxın davam edən görüşdə rektor imtahanların təşkili qaydaları ilə bağlı ətraflı çıxış edib, universitetdə tətbiq edilən onlayn imtahan modelinin mövcud pandemiya şəraiti və şəffaf qiymətləndirmə imkanlarını reallaşdırmaq baxımından hazırda ən uyğun variantlardan biri olduğunu bildirib.
“Universitetdə imtahanlar mövcud qaydalara, yerli və beynəlxalq standartlara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. Eyni zamanda, tələbələrin şikayətlərinin qısa zamanda araşdırılıb müvafiq qərar qəbul edilməsi həyata keçirilir. Hər bir müraciətə, şikayətə ayrı-ayrılıqda baxılır, buraxılmış səhvlər bir-bir izah edilir, obyektivliyə tam zəmanət verilir”, - deyə rektor Gülçöhrə Məmmədova qeyd edib.
Görüşdə tələbələrin əldə etdikləri uğurlar və qarşıda duran perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb. Tələbələrin müxtəlif mövzular üzrə müraciət və təklifləri dinlənilib, sualları rektor tərəfindən ətraflı cavablandırılıb. Sonda rektor tələbələrə yeni semestrdə uğurlar arzulayaraq onları daha fəal və intizamlı olmağa çağırıb.
Tədris işləri üzrə prorektor Akif Qasımov tədris prosesində tələbələrin üzləşdiyi problemləri dinləməyə hazır olduğunu söyləyib. Fakültə dekanları da tələbələrə öz tövsiyələrini verib, qarşıdan gələn imtahan sessiyasında onlara uğurlar arzulayıblar.

Tehsil-press.az



Oxşar xəbərlər