AZMİU-nun rektoru tələbələrlə onlayn görüş keçirib

AZMİU-nun rektoru tələbələrlə onlayn görüş keçirib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova tələbələrlə videokonfrans formatında görüş keçirib.
Rektor koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə aparılan işlərdən, dövlət başçısı İlham Əliyevin vaxtında verdiyi əhəmiyyətli qərarlar nəticəsində koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərdən danışıb. Eyni zamanda, rektor pandemiyanın digər sahələrdə olduğu kimi, təhsil sisteminə, tədris prosesinə mənfi təsirinə toxunub. O qeyd edib ki, mövcud şəraitdə ortaya çıxan problemlərin müvafiq qurumların - Nazirlər Kabineti yanında Operativ Qərargah və Təhsil Nazirliyinin verdiyi qərarlar əsasında aradan qaldırılması üçün işlər aparılır.
Pektor G.Məmmədova AzMİU-da da onlayn dərslərin uğurla aparıldığını, müəllim və tələbələrin aktivliyini xüsusi vurğulayıb. Bildirilib ki, 240-dan çox professor-müəllimin cəlb edildiyi onlayn dərslərdə 170 mindən artıq iştirak qeydə alınıb. Mərkəzi dərs cədvəli üzrə 2500-dən artıq, fərdi qaydada isə müəllimlər tərəfindən 1500-ə yaxın onlayn dərs keçirilib. Görülən işlər nəticəsində universitetin 5 mindən çox videodərs və 10 mindən artıq elektron mühazirə və dərs vəsaitindən ibarət rəqəmsal tədris bazası formalaşıb.
Rektor yay imtahan sessiyası ilə bağlı universitetin Elmi şurasının qəbul etdiyi qərarlar və onlayn rejimdə keçiriləcək imtahan qaydaları ilə bağlı tələbələrə ətraflı məlumat verib, ölkədə pandemiya ilə əlaqədar yaranmış vəziyyətə uyğun olaraq AzMİU-da yazılı imtahanlarda sualların sayının azaldıldığını, test imtahanlarının sadələşdirildiyini və başqa güzəştlərin tətbiq olunduğunu bildirib. O, yay imtahan sessiyasında tələbələrə uğurlar arzulayaraq pandemiya şəraitinin mütəxəssis hazırlığına minimum mənfi təsir etməsi ilə bağlı fikirlərini tələbələrin diqqətinə çatdırıb.
Sonda tələbələri narahat edən suallar rektor Gülçöhrə Məmmədova, tədris işləri üzrə prorektor Akif Qasımov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov və fakültə dekanları tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər