Memarlıq və İnşaat Universitetində qış imtahan sessiyasına hazırlıq prosesi yekunlaşıb

Memarlıq və İnşaat Universitetində qış imtahan sessiyasına hazırlıq prosesi yekunlaşıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq prosesi yekunlaşıb.
Bu semestr onlayn formada keçiriləcək imtahanlarda işlərin daha səmərəli qurulması məqsədilə proktorlar qrupu yaradılıb. Universitetin kafedra və şöbələrində çalışan gənc administrativ heyətin tərkibindən 80-ə yaxın işçi bu prosesə cəlb olunub. İKT Mərkəzi tərəfindən onların hər birinə treninqlər keçirilib. Universitet səviyyəsində imtahan prosesinə nəzarət sistemində də təkmilləşmələr aparılıb. İmtahanların təşkili prosesi və qaydaları öncədən tələbələrin şəxsi kabinetlərinə göndərilib. Pandemiyanın tədrisdə yaratdığı çətinliklər, Vətən müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemlər səbəbi ilə dərslərə qoşula bilməyən tələbələr üçün müəyyən güzəştlər tətbiq olunub. AzMİU-nun Elmi şurasının iclasında imtahan sessiyasında tələbələrin xeyrinə müəyyən qərarlar qəbul edilib.
İmtahanlarda şəffaflığı, obyektivliyi təmin etmək məqsədilə apelyasiya qərargahı yaradılıb. Mövcud şəraitə uyğun olaraq qərargaha daxil olan elektron müraciətlər, tələbələrin şikayətləri qısa müddətdə araşdırılacaq və lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, imtahanlar distant formada yanvarın 11-də başlayacaq və fevralın 15-də sona çatacaq.

Tehsil-press.az


Oxşar xəbərlər