Memarlıq və İnşaat Universitetində 2019-2020-ci tədris ilinin yekunları müzakirə olunub

Memarlıq və İnşaat Universitetində 2019-2020-ci tədris ilinin yekunları müzakirə olunub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi şurasının 2019-2020-ci tədris ilində son iclası keçirilib.
Onlayn formatda keçirilən iclasda universitetin rektoru, professor Gülçöhrə Məmmədova gündəlikdə duran məsələlərə keçməzdən öncə son günlər Azərbaycan sərhədində, Tovuz rayonunun Ağdam kəndi istiqamətində yaranan gərgin vəziyyətdən danışıb. Rektor müzəffər ordumuzun riyakar erməni hərbçilərinin işğalçı niyyətlərinə verdiyi uğurlu cavabları, qəhrəman əsgərlərimizin şücaətini xüsusi vurğulayıb, döyüşlərdə hərbçilərimizin və mülki vətəndaşımızın həlak olduğunu təəssüf hissi ilə qeyd edib. Elmi şura üzvləri şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Elmi şurada universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov yay imtahan sessiyasının nəticələri, buraxılış işləri, dövlət imtahanları və magistr dissertasiyalarının müdafiəsi haqqında məruzə edib. O, mövcud şəraitdə ölkənin bütün ali məktəblərində olduğu kimi, AzMİU-da da distant təhsil formasına keçidin uğurla qurulduğunu, ilk dəfə olsa da, imtahan sessiyasının onlayn formada keçirilməsində ciddi problemlər yaranmadığını bildirib. Prorektor yay imtahan sessiyasının, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsinin nəticələri ilə bağlı rəqəmləri Şura üzvlərinin diqqətinə çatdırıb.
AzMİU-da magistratura səviyyəsində tədrisin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edən Magistratura mərkəzinin müdiri Rövşən Səmədov ilk növbədə magistr proqramlarının beynəlxalq standartlara uyğun olmadığına diqqət çəkib və problemin həlli üçün təkliflər səsləndirib.
Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova “Tələbələrin elmi fəaliyyətə cəlb olunması və startapların dəstəklənməsi istiqamətində aparılan işlər və vəzifələr” mövzusunda məruzəsində universitetdə bu istiqamətdə görülən işlər, startapçı tələbələrin maraqlı layihələri barədə danışıb. Bu işin gənclər arasında genişləndirilməsi üçün qarşıda duran hədəflərdən söz açıb.
İclasda növbəti tədris ilində qarşıda duran vəzifələr, şəraitə uyğun olaraq tədrisin müasir çağırışlara uyğunlaşdırılması və s. məsələlər müzakirə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər