Pedaqoji Universitetdə yay imtahan sessiyası öncəsi tələbələrlə onlayn görüşlərə başlanılıb

Pedaqoji Universitetdə yay imtahan sessiyası öncəsi tələbələrlə onlayn görüşlərə başlanılıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yay imtahan sessiyası öncəsi tələbələrlə onlayn görüşlərə başlanılıb.
“Microsoft Teams” platforması üzərindən təşkil edilən silsilə görüşlərdə universitetin bütün fakültələrinin tələbələri könüllü olaraq iştirak edə bilərlər. Bununla bağlı hazırlanmış qrafik üzrə artıq iki gün ərzində universitet rəhbərliyi Məktəbəqədər təhsil, Tarix və coğrafiya, Filologiya və Riyaziyyat fakültələrinin 2000-dək tələbəsi ilə görüş keçirib. Növbəti iki gün ərzində digər fakültələrin tələbələri ilə də görüşlər təşkil ediləcək.
Görüşlərin keçirilməsində məqsəd cari semestrdə ADPU-da tətbiq edilən onlayn-şifahi imtahan forması ilə bağlı tələbələrə daha detallı izahat vermək, onların problemlərini dinləmək və suallarını cavablandırmaq, ümumən imtahan sessiyasına hazırlıq, İKT ilə bağlı texniki məsələlər və cari tədris semestrinin yekunlaşdırılması, yekun dövlət attestasiyası, buraxılış işləri, o cümlədən sosial həssas qrupa aid tələbələrin təhsil haqlarının ödənilməsi və s. məsələlərin aydınlaşdırılmasıdır.
ADPU-nun mətbuat katibi Cavid Hüseynovun moderatorluğu ilə hər bir fakültənin dekanı və professor-müəllim heyətinin iştirak etdiyi görüşlərdə universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov imtahanların təşkili qaydaları ilə bağlı ətraflı çıxış edib. O, çıxışında ADPU-da cari semestrdə tətbiq edilən onlayn- şifahi imtahan modelinin özəlliklərindən söz açaraq bu modelin mövcud pandemiya şəraiti və tələbələrin keyfiyyətli təhsil almaq və şəffaf qiymətləndirmə imkanlarını reallaşdırmaq baxımından hazırda ən uyğun variantlardan biri olduğunu bildirib.
Bundan başqa sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və fakültə dekanları tələbələrə öz tövsiyələrini verib, qarşıdan gələn imtahan sessiyasında uğurlar arzulayıblar.
Tələbələrin sualları ətrafında davam edən görüşlər onlayn-şifahi imtahanlara hazırlıq baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, yaxın bir həftə ərzində həm də ayrıca bütün fakültələrin professor-müəllim heyəti və rəhbərliyi ilə, o cümlədən ADPU-nun Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabad filiallarının əməkdaş və tələbələri ilə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər