Məktəblilərin iştirakı ilə Dünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan tədbir keçirilib

Məktəblilərin iştirakı ilə Dünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan tədbir keçirilib Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin iştirakı ilə açıq havada 5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin məqsədi məktəblilər arasında “Yaşıl şəbəkə” proqramının genişləndirilməsi, ekoloji maarifləndirmə, müasir texnologiyaların tətbiqi, davamlı inkişaf naminə fasiləsiz ekoloji təhsilin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsinin vacabliyi və bioloji müxtəlifliyin qorunub saxlanılmasından ibarətdir.
Tədbir çərçivəsində “Gənc ekoloq”, “Aqrobiomüxtəliflik” sinif otaqlarının və açıq havada “Alternativ enerji” meydançasının və məktəblilərin ekoevinin açılışı olub.
Məktəblilərlə görüşdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) İctimaiyyətlə əlaqələr və PR üzrə məsləhətçisi Aytən Şirinova çıxış ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Alternativ enerji” meydançasının və məktəblilərin ekoevinin yay proqramı elan edilib. Nazirlik tərəfindən Mərkəzə hədiyyə edilən “Biomüxtəliflik və ekosistem xidməti” haqqında interaktiv elektron stendin təqdimatı olub.
Açıq havada keçirilən ekodərs Mərkəzin Nəsimi rayonunda yerləşən filialında təşkil olunub. Tədbirdə Mərkəzin direktoru Firuzə Sultanzadə və ekoklub dərnək rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsinə dair dərslər tədris olunub, məktəblilər tullantıların idarə olunması və ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyi haqqında məlumatlandırılıb.
Tədbir çərçivəsində məktəblilər ekoloji problemlərə dair asfalt üzərində rəsmlər çəkiblər. İnteraktiv oyunlar və təlimlər pandemiya qaydalarına uyğun olaraq sosial məsafə gözlənilməklə həyata keçirilib. Sonda 50 nəfər məktəbli arasından qaliblər seçilərək mükafatlandırılıb və bütün iştirakçılara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İçərişəhərdə yerləşən əsas binasında “Gənc ekoloq” və “Aqrobiomüxtəliflik” otaqlarının açılışı olub. Ekoloji siniflərin dizayn və təchizatı Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə dəstək olaraq ECOserve proqramı Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə GIZ tərəfindən həyata keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər