UNEC-in Elmi şurasında yaz semestrinin imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub

UNEC-in Elmi şurasında yaz semestrinin imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın növbəti iclası keçirilib.
Şurada tədris və təlim texnologiyaları üzrə prorektor dosent Anar Rzayev IV modul üzrə imtahanların hazırlıq vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, UNEC-də və Zaqatala filialında əyani təhsil forması üzrə yaz semestrinin imtahan sessiyasının keçirilmə müddəti iyunun 17-dən iyulun 3-dək müəyyən edilib. Əyani təhsil forması üzrə bütün fənlərdən test üsulu ilə keçiriləcək imtahanların cədvəli iyunun 2-dən UNEC-in saytında yerləşdirilib və tələbələrin şəxsi kabinetlərinə göndərilib. IV modul imtahanları (qabiliyyət fənləri istisna olmaqla) distant formada, proktorinq tətbiq edilməklə test üsulunda keçiriləcək. Bakalavriat səviyyəsində əyani və qiyabi oxuyan tələbələrin istehsalat təcrübə nəticəsi də daxil olmaqla hesablanmış ÜOMG-si, onların Yekun Dövlət Attestasiyası (YDA) imtahanının və ya buraxılış işinin müdafiəsinin qiyməti kimi qəbul ediləcək. ÜOMG-nin YDA imtahanı və ya buraxılış işi müdafiə nəticəsi kimi qəbul edilməsi ilə razı olmayan tələbələrin ərizələri əsasında buraxılış işi müdafiələri və ya YDA imtahanları distant formatda təşkil ediləcək.
Sessiya dövründə daxil olan hər bir müraciətin operativ şəkildə araşdırılması və cavablandırılması məqsədilə virtual imtahan qərargahı fəaliyyət göstərəcək. Rektorun və UNEC İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.
Şurada UNEC Fasiləsiz Təhsil Mərkəzinin əsasnaməsi də təsdiqlənib. Bildirilib ki, FTM dinləyiciləri ümumi təhsil məktəblərinin buraxılış, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsinə qəbul imtahanlarına, eləcə də dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara hazırlayacaq. Müxtəlif peşə hazırlığı kursları, korporativ təhsil proqramları, o cümlədən mini ixtisas, yaşlılar üçün müxtəlif təhsil proqramları və s. təşkil edəcək.
Sonra iqtisadi məsələlər üzrə prorektor dosent Mikayıl Zeynalov 2020-ci ildə UNEC-in maliyyə təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla çıxış edib. Qeyd olunub ki, UNEC-də tədrisin təşkilində səmərəliliyi daha da artırmaq məqsədilə maddi-texniki baza gücləndirilib, proqram təminatı təkmilləşdirilib, o cümlədən kitabxanaya yeni kitablar alınaraq fond zənginləşdirilib.
Hesabat Elmi şura üzvləri tərəfindən qəbul olunub.
Şuranın qərarı ilə Elmi fəaliyyətin təşkili və idarəolunması departamentinin əsasnaməsinə də əlavələr və dəyişiklik edilib.

Tehsil-press.az


Oxşar xəbərlər