UNEC-də distant imtahanlarda proktorinq sistemi tətbiq olunacaq

UNEC-də distant imtahanlarda proktorinq sistemi tətbiq olunacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi şuranın növbəti onlayn iclası keçirilib.
Elmi şurada tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev 2019/2020-ci tədris ili üçün yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə hesabatla çıxış edib. Bildirib ki, martın 12-dən UNEC-də hər gün 900-dən çox olmaqla, ümumilikdə 22 min 993 distant dərs tədris olunub, dərslərin təşkili 99 faiz yerinə yetirilib.
Hesabatda imtahanların keçirilməsi qaydaları, sessiyaya texniki hazırlıq, eləcə də testlərin və imtahan cədvəllərinin hazırlığı vəziyyəti barədə məlumat verilib. UNEC-də təşkil olunacaq distant imtahanlarda ölkədə ilk dəfə olaraq proktorinq sisteminin tətbiq ediləcəyini diqqətə çatdıran prorektor, imtahan sessiyasına nəzarət edəcək proktor və subadminlərə müvafiq təlimlər keçirildiyini deyib. Bildirilib ki, distant dərslərin keçirildiyi 23 min video tələbələrin şəxsi kabinetlərinə göndərilib. Tələbələr dərsləri yenidən dinləyərək, imtahanlara daha yaxşı hazırlaşa biləcəklər.
“SABAH” Mərkəzinin rəhbəri Aida Quliyeva distant dərslərin Təhsil Nazirliyinin təsdiq etdiyi proqrama əsasən keçirildiyini deyib. Yaz imtahan sessiyasının isə UNEC-də tətbiq olunan distant imtahanların təşkili qaydalarına əsasən aparılacağını vurğulayıb.
Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin (DQƏTM) direktoru Səbuhi Tanrıverdiyev, UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev, Maliyyə İqtisad Kollecinin direktoru, dosent Oruc Məmmədov, İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayev distant dərslər, yaz imtahan sessiyasının təşkili qaydaları barədə məlumat veriblər.
Şurada UNEC-in mübadilə və ikili diplom proqramlarında iştirak edən tələbələrin mövcud durumu da müzakirə olunub. Onların ölkəyə gətirilməsi istiqamətində müvafiq qurumlarla danışıqlar aparıldığı bildirilib. Mübadilədə və ikili diplom proqramında iştirak edən tələbələrə kurslarını vaxtında bitirmələri üçün UNEC-də təşkil olunan distant imtahanlarında iştirak etmək hüququ veriləcək.
Çıxışlardan sonra cari məsələlər müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər