Macar jurnalist işğaldan azad edilmiş rayonlardan yazdı

Macar jurnalist işğaldan azad edilmiş rayonlardan yazdı Azərbaycanın işğaldan azad edilmiş rayonlarına bu günlərdə səfər etmiş macar reportyorlar arasında “Madyar Nemzet” nəşrini təmsil edən David Laslo da vardı.
Laslo vətənə qayıdandan sonra həmin səfər müddətində gördüklərinin yekunları barədə material hazırlayıb. Onun ezamiyyətə yola düşməzdən əvvəl hazırlayacağına söz verdiyi silsilə məqalələrdən birincisi “Minalanmış sahədə ehtiyatlı olun!” adlanır.
Müəllif bu məqaləsində yazır ki, Azərbaycanın hərbi qələbəsi Bakının Qarabağda atdığı addımların yalnız birincisidir. 44-günlük müharibə nəticəsində erməni hərbçilər qaçıblar, lakin azərbaycanlı qaçqınları öz evlərinə qayıtmalarına hələ icazə verilməyib. Onların əcdadlarının yaşadığı torpaq ölümcül təhlükəlidir: piyadalar əleyhinə və tank əleyhinə minalar, fuqaslar, partlamamış mərmilər və raketlər... Ən təqribi hesablamalara görə Qarabağda yüz minlərlə belə “müharibə suvenirləri” var.
David Laslo ilə söhbətində obıvatelin bütün Hollivud təsəvvürlərini alt-üst edən azərbaycanlı istehkamçı deyib: “Burada hər şey kinodakından fərqlidir! Burada əsgəri ölümcül dərəcədə qorxuya salan şaqqıltı yoxdur. Ətrafda güllələr vıyıldayanda irəli qaçmaq lazımdır. Tullanan “qurbağa” çox təhlükəli minadır. Yarpaqların altında, yerin səthinə yaxın basdırılan bu minalar işə düşəndə şaquli istiqamətdə yuxarıya “tullanır”, mərmilər mümkün qədər çox əraziyə ziyan vurur”.
Keçən ilin payızında Azərbaycan erməni hərbçiləri tərəfindən əldə saxlanılan Qarabağın bəzi regionlarını döyüşə-döyüşə geri alanda hücuma keçən əsgərlər üçün ən böyük problemlərdən biri hər yerdə rast gələn minalar idi. Bu minaların bəziləri 1988-1994-cü illərdə baş vermiş birinci müharibə dövrünə aiddir, onilliklər boyu davam etmiş amanabənd atəşkəs dövründə isə minlərlə yeni mina qoyulub. Ötən ilin noyabr ayında Ermənistanın kapitulyasından sonra atəş səsləri kəsilib, lakin minalar əvvəlki kimi yenə də ölüm təhlükəsi mənbəyidir. İyun ayının əvvəlində iki azərbaycanlı jurnalist və bir nəfər yerli məmur həlak olub. Onların avtomobili tank əleyhinə minaya düşüb.
İnformasiya agentliklərinin məlumatına görə atəşkəs anından bu günə qədər mina partlayışları nəticəsində 20 nəfər mülki şəxs və 7 əsgər həlak olub, 86 əsgər və 29 mülki şəxs yaralanıb.
Reportyor yazır: “Mən müharibə və ölüm səslərini eşitmişəm. İstehkamçılar topladıqları 30 minanı bir dəfəyə məhv edirdilər. Qulaqbatırıcı, lakin qısa detonasiya nəticəsində alov və tüstü sütunu 8-10 metr hündürlüyə qalxır”. Lakin partlayıcı qurğuların heç də hamısı məhv edilmir.
Minatəmizləmə işlərinin rəhbərlərindən biri Davidə izahat verərək deyib: “Bu xəritələrdə şaxtanın yerləşdiyi ərazi sarı rənglə qeyd edilir. Göy rəng bizim istehkamçının işə başladığı yeri, qara rəng – itin olduğu yeri, ağ rəng isə - təhlükəsiz sahəni göstərir”.
Ensiz cığırın ətrafında qırmızı payalar, hündür otluqda bir neçə sarı paya görünür. Bir qədər yuxarıda, yol kənarındakı sahədə minalar döyüş nizamı şəklində düzülüb. Lövhələrdə xəbərdarlıq edilir: “Minalanmış sahədə ehtiyatlı olun!”
Əvvəlcə infrastruktur – yollar və insan məskənləri təmizlənir. İstehkamçılar onların sərəncamında olan bütün vasitələrdən – xüsusi təlim keçmiş itlərdən, metalaxtaran qurğulardan və Britaniyada istehsal edilmiş “Aardvark” zirehli maşınlarından istifadə edirlər. Bu maşın ağır zəncirlərlə qarşısındakı torpağı eşir. İş ləng gedir. Balaca bir səhv insanın həyatı bahasına başa gələ bilər. Minatəmizləmə işinin nə vaxt başa çatacağını heç kəs bilmir. Azərbaycan Ermənistandan minalanmış sahələrin xəritələrini gözləyir. İyun ayında erməni əsilli 15 hərbi əsir təhvil verilərək bunun müqabilində bir neçə xəritə alınıb, lakin hətta Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edib ki, bunlar xəritələrin yalnız kiçik bir hissəsidir. Xəritələr olmasa ərazilərin təmizlənməsinə uzun illər gedəcək. Axı minalanmış ərazilərin sahəsi bir neçə min kvadrat kilometrdir.
Jurnalist dost Macarıstanın Azərbaycana kömək əlini uzatması barədə də yazır. Bu ölkənin hökuməti 25.000 avro məbləğində yardım ayırıb. Həmin qrant Azərbaycan Milli Minatəmizləmə Agentliyinə (ANAMA) ödənilib. Bu da məlumdur ki, 2021-ci il martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun Bakıya işçi səfəri çərçivəsində Macarıstan və Azərbaycan biznesmenlərinin görüşü keçirilib. Həmin görüşdə Qarabağın bərpasında Macarıstanın iştirakı məsələsi müzakirə edilib. Macar şirkətləri baza infrastrukturunun yaradılması üçün zəruri sahələri təmsil edir. Bərpa məsələlərinə dair həm hökumət səviyyəsində, həm də potensial korporativ tərəfdaşlar arasında təmaslar davam edir.
Lakin Qarabağ hələlik tam təmizlənməyib, buna görə də bərpa işləri və qaçqınların doğma yurdlarına qayıtması arzu edilən surətlə başlana bilmir. Azərbaycanlıların böyük əksəriyyəti azad edilmiş əraziləri hələ görməyib, çünki təhlükəsizlik mülahizələrinə əsasən bu ərazilər bağlıdır. Oraya getmək üçün xüsusi buraxılış sənədi tələb olunur.
Jurnalist Ünsal İbrahimli ad-soyadlı qaçqınla görüşüb. Unsal deyib: “Mən burada doğulmuşam, dağın ətəyində yerləşən bu məktəbdə oxumuşam. Yadımdadır, orta məktəbi bitirib universitetə daxil olmağa hazırlaşırdım, elə bu vaxt erməni təcavüzü başladı. Biz evlərimizi itirdik və qaçmağa məcbur olduq. Qubadlı rayonunda bir şəhər və 94 kənd var idi. Biz hər şeyi, evlərimizi, mebeli, ev heyvanlarını qoyub getdik. İnsanlar təkcə paltarlarını götürüb qaçırdılar.
Mənim əcdadlarımın azı altı nəsli burada yaşayıb. Təəssüf ki, qohumlarımın əksəriyyəti bu torpaqların azad edildiyi günə qədər yaşamadılar. Mən bu torpağı ilk dəfə görəndə hönkürüb ağladım”.
Ermənilər azərbaycanlıları bu ərazidən qovandan sonra özləri burada məskunlaşa bilməyiblər. Onlar onilliklər ərzində Cəbrayıl, Füzuli və Ağdamda daşı daş üstə qoymayıblar. Ərazilərdə taktiki müşahidə aparmaq məqsədilə meşələr tamam qırılıb. Torpaqlar əkilib becərilməyib, tarlaların yerini alaq basıb, məscidlər dağıdılıb, bəzi məscidlərdə isə ermənilər donuz saxlayıblar.
Müəllif sonda yazır ki, kabusa çevrilmiş şəhərləri bərpa etmək praktiki olaraq qeyri-mümkündür. Hər şeyi sıfırdan başlamaq lazım gələcək.
Türkiyədən alınmış inşaat texnikasının səsi eşidilir, şəraitin imkan verdiyi dərəcədə yollar salınır, elektrik şəbəkələri qurulur, paralel olaraq “ağıllı” şəhərlər tikilir. Ağdamın yerində on minlərlə əhalisi olan daha müasir meqapolis salınacaq. Bu proqramlar üçün Azərbaycan pulunu və qüvvəsini əsirgəməyəcək.
David Laslo məqaləsinin sonunda yazır ki, bərpa işlərinin birinci mərhələsi 2024-cü ilə qədər başa çatdırıla bilər.

Tehsil-press.az

Oxşar xəbərlər