BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Beynəlxalq Türk Akademiyasında olub

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Beynəlxalq Türk Akademiyasında olub BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti Orta Asiya ölkələri və Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasını ziyarət edib. BMT-nin ali nümayəndəsini Türkiyə Respublikasının Qazaxıstandakı səfiri Ufuk Ekici müşayiət edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə keçirilən görüşdə tərəflər Akademiya ilə BMT strukturları arasında geniş əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
V.Bozkır Türk Akademiyasının fəaliyyəti ilə tanış olub, qurumun UNESCO, ECOSOC və digər təşkilatlarla səmərəli əməkdaşlığı, BMT və UNESCO-nun baş qərargahlarında keçirilən əhəmiyyətli tədbirlər (2014-2021-ci illərdə barədə məlumatlandırılıb.
D.Kıdırəli xüsusilə türk dünyasının böyük filosofu Əl-Fərabinin 1150 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsində göstərdiyi dəstəyə görə BMT nümayəndəsinə minnətdarlığını ifadə edib.
Türkiyə təmsilçisinin BMT kimi nüfuzlu qurumda rəhbər vəzifədə olmasının bütün türk dünyası üçün böyük əhəmiyyətini vurğulayan akademiyanın prezidenti ortaq beynəlxalq təşkilatların BMT və ona bağlı qurumlarla əməkdaşlığının qurulmasında bu amilin vacibliyini bildirib.
Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsinə toxunulub, Beynəlxalq Türk Akademiyası da daxil olmaqla, ortaq təşkilatların qardaş Azərbaycana dəstəyi məmnuniyyətlə qeyd edilib.
Eyni zamanda, ali qonaq türk dünyasında elmi inteqrasiyanın vacibliyini vurğulayaraq, Türk Akademiyasının işini yüksək qiymətləndirib və onun çoxşaxəli fəaliyyətindən xəbərdar olduğunu vurğulayıb. Müstəqilliyinin ilk illərində Türkiyə Respublikasının Prezidenti Turqut Özalın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində türkdilli ölkələrə səfər etdiyini, türk dünyası ilə bağlı əhəmiyyətli təəssürata sahib olduğunu bildirən V.Bozkır, eyni zamanda, Darxan Kıdırəli ilə uzunmüddətli şəxsi tanışlığını yüksək qiymətləndirib.
V.Bozkır sentyabr ayında sessiyaya sədrlik müddətinin başa çatacağını, bundan sonra da hansı vəzifədə olmasından asılı olmayaraq, türk dünyasına xüsusi diqqət ayıracağını və Akademiyanın fəaliyyətinə dəstək verməyə davam edəcəyini vurğulayıb.
Görüşün sonunda fəxri qonaq Akademiyanın nəşrləri, o cümlədən Azərbaycan Respublikasına aid kitablar ilə tanış olub.

Tehsil-press.az

Oxşar xəbərlər