Peşə təhsil müəssisələri özəl sektor şirkətləri ilə əlaqələri genişləndirir

Peşə təhsil müəssisələri özəl sektor şirkətləri ilə əlaqələri genişləndirir Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) özəl sektor nümayəndələri ilə dəyirmi masalar keçirir.
Dəyirmi masaların keçirilməsində məqsəd ölkədəki özəl sektor şirkətləri ilə daha sıx əlaqələr qurmaq və onları peşə təhsilinin müasirləşdirilməsi proseslərinə yaxından cəlb etməkdir.
Sayca dördüncü olan tədbir Bakıda yerləşən peşə təhsil məkəzləri ilə birgə təşkil edilib. İki müxtəlif məkanda baş tutan tədbir texnologiya və mühəndislik, nəqliyyat, tekstil və mebel sənayesi, multimedia istehsalı üzrə ixtisaslaşmış şirkətləri və televiziya qurumlarını, o cümlədən peşə təhsili və təlimi (PTT) üzrə mütəxəssisləri və mövzu ilə əlaqədar tədqiqat qrupunu bir araya gətirib.
İştirakçılar peşə təhsili sistemində hazırda gedən fəaliyyətlər barədə ətraflı məlumat alıblar, həmçinin iş əsaslı öyrənmə və təcrübə proqramları, karyera mərkəzlərinin yaradılması, eləcə də PTT mərkəzləri ilə digər mümkün tərəfdaşlıq perspektivləri haqda müzakirələr aparıblar.
Tədbirlər çərçivəsində özəl sektor nümayəndələri mövcud bazarın tələblərini paylaşıb və PTT sektorunun müasirləşdirilməsi fəaliyyətlərində iştirak etmək üçün öz gözləntilərini bildiriblər.
Qeyd edək ki, dəyirmi masalar Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihə səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd peşə təhsilinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa yardım etməkdir.
Görüşlərin iyulun sonunadək davam etdirilməsi nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər