Bioloqlar ilk dəfə olaraq kisəli opossumun DNT-də dəyişiklik ediblər

Bioloqlar ilk dəfə olaraq kisəli opossumun DNT-də dəyişiklik ediblər Yapon bioloqları ilk dəfə olaraq kisəli opossumun DNT-də dəyişiklik ediblər.
Bu prosesdən sonra heyvanın balalarında dərinin və gözün rəngi dəyişib. Alimlər gələcəkdə bu texnologiyalar sayəsində kisəlilərin unikal xüsusiyyətlərini öyrənməyə və onları nəsli kəsilməkdən qorumağa ümid bəsləyirlər. Tədqiqatın nəticələri “Current Biology” elmi jurnalında dərc edilib.
Yer üzündə 330 növ kisəli var, onların təqribən 70 faizi Avstraliyada və ona yaxın yerlərdə, qalanı isə Yeni dünya ərazisində yaşayır. Məməli ətənəlilərdən fərqli olaraq kisəlilərdə bala erkən doğulur və onun inkişafı kisənin içində davam edir.
Son onilliklərdə kisəlilərin sayı və növ müxtəlifliyi azalmaqdadır. Bu, həm insan fəaliyyəti, həm də iqlim dəyişikliyi, meşə yanğınları və yeni xəstəliklərin meydana çıxması ilə bağlıdır. Məsələn, koalalar arasında xlamidioz xəstəliyi və KoRV virusu yayılır, Tasmaniya iblisinin populyasiyaları isə xərçəng şişindən azalır.
RIKEN Mərkəzindən Xirosi Kiyonarinin sözlərinə görə, kisəlilərin xəstəliklərinin və biologiyasının öyrənilməsinə mane olan cəhət ondan ibarət idi ki, alimlər son illərə qədər ayrı-ayrı genlərin fəaliyyətinə və ya hüceyrə sisteminə müdaxilə edə bilmirdilər. Yeni tədqiqatda bioloqlar bu problemin öhdəsindən gəliblər. Onlar CRISPR/Cas9 genom redaktorunu kisəlilərdə DNT ilə işləməyə uyğunlaşdırıblar və rüşeymi necə dəyişdirməyin yolunu tapıblar. Bu metod Braziliya meşələrində və Latın Amerikasının digər ölkələrində yaşayan opossumlar (Monodelphis domestica) üzərində sınaqdan keçirilib. Bu canlıların genomları hələ 2007-ci ildə oxunub. Lakin rüşeymdə DNT strukturu ilə manipulyasiya üzrə təcrübə aparılmadığı üçün alimlər opossumların çoxalma dövrəsini axıradək anlaya bilmirdilər.
Yaponiya alimləri bunu opossumlarla laboratoriya eksperimentlərində izah ediblər. Bioloqlar hormonlar seçiblər və yumurta-hüceyrələrin süni mayalanma metodunu işləyib-hazırlayıblar ki, bunun nəticəsində böyük miqdarda rüşeym əldə etmək, onların genomunu dəyişmək və dişilərin orqanizminə qaytarmaq olar.
Alimlər dərinin və gözün rəngi ilə bağlı olan TYR geninin modifikasiyası üçün CRISPR/Cas9 genom redaktorundan istifadə ediblər. Bu prosedur uğurla başa çatıb. Nəticədə opossumların bəzilərinin balaları boz deyil, ağ rəngli və qırmızı gözlü doğulub.

Tehsil-press.az


Oxşar xəbərlər