Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tarixin bütün sınaqlarından alnıaçıq çıxıb

Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tarixin bütün sınaqlarından alnıaçıq çıxıb Azərbaycan-Türkiyənin ortaq tarixə, mədəniyyətə və milli iradəyə söykənən qardaşlıq münasibətləri tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxıb və bu reallıq heç zaman dəyişməyəcək. Məhz bu səbəbdən, ən çətin anlarda hər iki dövlətin və onların vahid millətinin, milli iradəmizi ifadə edən siyasi liderlərimizin qarşılıqlı dəstəyi kimsəni təəccübləndirmir və tamamilə təbii qəbul olunur.
Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, Azəzrbaycanla Türkiyənin birliyi, təkcə bu dövlətlərin vətəndaşlarının mənafeyinə xidmət etmir, eyni zamanda onlarla sülh içərisində yaşamaq istəyən bütün ölkələrə, xalqlara sülh, əminamanlıq, rifah gətirir:
“Azərbaycan-Türkiyə strateji müttəfiqliyi kifayət qədər həssas bir ərazidə yerləşən bölgəmizdə təhlükəsizik və rifah naminə balansın qorunmasına, ədalətin bərqərar olmasına xidmət edən münasibətlərdir.
Türkiyənin olmadığı yerdə Azərbaycan, Azərbaycanın olmadığı yerdə Türkiyə hər iki dövlətin mənafeyini sonunadək və öz maraqları kimi müdafiə edir.
Yəqin ki, 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan zirvə toplantısında Prezident İlham Əliyevin həmin dövrdə Ermənistanın prezidenti olan Serj Sarkisyana cavabını hər kəs xatırlayır. “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, amma mən burdayam”, - demişdi cənab Prezident. Düşünürəm ki, bu sözlər Azərbaycan-Türkiyənin münasibətlərinin, birliyimizin, həmrəyliyimizin mahiyyətini tam çılpaqlığı ilə ifadə edir.
Bu birlik və həmrəylik həm 44 günlük Vətən müharibəsində, həm də indi – Türkiyədə baş verən güclü meşə yanğınlarının söndürülməsinə Azərbaycanın verdiyi dəstəkdə özünü ifadə etdi. Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla dünənki telefon danışığında qardaş ölkəyə dəstəyimizin davam edəcəyini vurğulaması, fikrimcə, Azərbaycanın qardaş ölkənin problemlərinə öz problemləri kimi yanaşdığını nümayiş etdirir. Məlum olduğu kimi artıq əlavə olaraq, 40 yanğınsöndürən maşın da yola çıxıb və sabah yanğınların baş verdiyi ərazilərə yetişəcəklər.
Bununla da Türkiyəyə Azərbaycandan göndərilən maşın və texnikanın sayı 93-ə çatacaq. Sabahdan etibarən türkiyəli qardaşları ilə bilikdə çiyin-çiyinə yanğınla mübarizə aparan Azərbaycan vətəndaşlarının sayı 510 nəfər olacaq və ümid edirəm ki, tezliklə bu fəlakətin öhdəsindən gəlinəcək. Prezident İlham Əliyev türkiyəli həmkarı ilə söhbətində qardaş ölkəyə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını deyib. Zənnimcə bu yanaşma, bu münasibət Azərbaycan-Türkiyə qardaşlığının özünü növbəti dəfə əməldə büruzə verən gerçək simasıdır. Bu qardaşlığın təməlində təmənnasız sevgi və diqqət dayanır.
Qeyd edim ki, söhbət zamanı diqqət çəkən məqamlardan biri də odur ki, Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verib və Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib. Baxmayaraq ki, Türkiyə bu gün bəşər tarixinin ən böyük fəlakətlərindən birinə qarşı mücadilə aparır, amma yenə də qardaş ölkəyə - Azərbaycana olan münasibətini bir daha bəyan edərək, dosta sevinc bəxş edir, düşmənə gözdağı verir. Şübhəsiz ki, bu birlik, bu həmrəylik hər iki dövlətin bütün maneələrdən daha güclü çıxmalarına imkan yaradacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər