UNEC-in professoru: Azərbaycanın kənd təsərrüfatında son 10 ildə aparılmış islahatlar öz bəhrəsini verməkdədir

UNEC-in professoru: Azərbaycanın kənd təsərrüfatında son 10 ildə aparılmış islahatlar öz bəhrəsini verməkdədir Son 10 ildə (2010-2020) Azərbaycanın aqrar sektorunun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar, görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi Azərbaycanda kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru İrşad Kərimli bildirib. Professor deyib: “Nəzərə alınmalıdır ki, kənd təsərrüfatı sahəsində görülmüş işlərdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr də mühüm rol oynayıb. İlk növbədə, kənd təsərrüfatının dinamik və davamlı inkişafını təmin etmək üçün regionlarda əsaslı və mərhələli tədbirlər görülür, yeni texnikalar alınır, suvarma sistemləri qurulur, fermer və kəndli təsərrüfatlarının fəaliyyətinə stimul verən addımlar atılır. Əkinçilik və heyvandarlıq məhsulları istehsalını artırmaq üçün intensiv metodların tətbiqi, yeni toxum sortlarının əldə olunması, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış kanallarının qurulması, fermerlərə subsidiyaların verilməsi kimi görülmüş işlər diqqəti daha çox cəlb edir.
Xatırladaq ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində kənd təsərrüfatının inkişafının həmişə diqqət mərkəzində olacağı barədə deyib: “Kənd təsərrüfatı çox ciddi, çox böyük sahədir. Əhalinin demək olar ki, yarısı kəndlərdə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir. İri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı nəticələr var”.
Regionların inkişafına dair dövlət proqramlarının uğurla icrası nəticəsində qeyd edilən illər ərzində ölkədə 51-dən çox aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bütün aqroparkların əhatə etdiyi sahə 200 min hektara yaxındır. Yalnız bağçılığın inkişafına dövlət dəstəyi çərçivəsində 6 min 584 hektar sahədə 25 bağçılıq və tingçilik təsərrüfatlarına 45,5 milyon manat güzəştli kredit verilib. Ölkədə 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsait xərclənib. Aqroparkların istehsal etdiyi məhsullar hazırda 1 milyard manata yaxındır. Təsadüfi deyil ki, son iki ildə kənd təsərrüfatı istehsalı orta hesabla 4,6 faiz artıb.
2010-2020-ci illərdə Azərbaycanın kənd təsərrüfatı sahəsində görülmüş işlər və əldə olunan nəticələr istiqamətində qazanılan uğurlar sahənin ayrı-ayrı məhsullar və məhsul qrupları üzrə ixrac potensialının formalaşmasında və reallaşmasında öz əksini tapıb. Əsasən 2015-ci ildən başlayaraq pambıq lifinin, fındığın, süd məhsullarının, pomidorun, xurmanın, narın, almanın, şəkərin ixracı sürətlə artmağa başlayıb və ölkəyə kifayət qədər valyuta gətirib. Təkcə 2017-2018-ci illərdə orta hesabla pambıq lifinin ixracı 700 faiz, süd məhsullarının ixracı 260 faiz, alma ixracı 144 faiz, nar ixracı 125 faiz artıb. Qısa zaman kəsiyində belə artım olduqca yaxşı göstəricilərdir. Daha yaxşı göstərici isə iqtisadi və sosial səmərəni ifadə edən göstəricidir. Bu da sözsüz ki, ixracdan əldə olunan valyuta gəlirləri ilə bağlıdır.
Qeyd edilən illər ərzində kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı ölkəmizə daxil olan valyuta gəlirləri bütün illər üçün uğurlu olub. Lakin nisbətən daha uğurlu il 2016-ci ildən başlayıb və indiyədək davam edir. Belə ki, yalnız 2016-cı ildə ölkəmizə valyuta gətirən kənd təsərrüfatı məhsulları sırasında birinci yerdə fındıq olub və 105 milyon valyuta gətirib. Həmin ildə 94 milyon dollar dəyərində pomidor, 68 milyon dollar xurma, 62 milyon dollar şəkər ixrac edilib. Yalnız pambıq bir ildə ölkəmizə 24 milyon dollar valyuta gətirib.
Nəzərə almalıyıq ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının təbii və iqtisadi resursları zəngindir, onların ixrac potensialı çox güclüdür. İşğaldan azad olunan Qarabağ regionunun münbit torpaqları, Araz çayının Azərbaycan ərazisi ilə bağlı sahil torpaqları kənd təsərrüfatı məhsulları istehsalını və ixracını sürətlə artırmağa daha çox imkan verəcək. Bunu şəkər çuğunduru istehsalına da aid etmək olar. Belə ki, rəsmi məlumatlarda qeyd edildiyi kimi Azərbaycanda şəkər istehsalı üçün ilkin xammal olaraq müəyyən həcmdə şəkər qamışı xaricdən gətirilir. Əgər şəkər istehsalı üçün ilkin xammal olan şəkər çuğunduru şəkər istehsalının tələb etdiyi həcmdə ölkəmizdə istehsal edilsə həmin xammal xaricdən deyil, ölkəmizin daxili imkanlarımız hesabına tam təmin edilər. Bununla da Azərbaycanın şəkər zavodunun şəkər istehsalı üçün xaricdən xammal gətirməyə ehtiyacı qalmaz və yuxarıda qeyd etdiyimiz şəkər satışından əldə edilən 62 milyonun hamısı ölkəmizdə qalar. Yəni rəsmi sənədlərdə qeyd edildiyi kimi ölkəmiz həmin xammalın idxalına valyuta vəsaiti də ayırmaz.
Son 10 il ərzində (2010-2020) kənd təsərrüfatı sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr Azərbaycana imkan verir ki, dünyada gərginləşən ərzaq təhlükəsizliyi probleminin daha da kəskinləşməsi, regional münaqişələrin sərhədlərinin daha da genişlənməsi, təbii fəlakətlərin intensivləşməsi nəticəsində miqrasiya axınının güclənməsi şəraitində öz dövlətini və əhalisini kənd təsərrüfatı və qida məhsulları ilə təminatını həyata keçirə bilsin.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətini qiymətləndirərək deyib: “Mən kənd təsərrüfatına sərmayənin qoyulması istiqamətində qəti mövqeyinə, 2016-2020-ci illəri əhatə edən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində məhsuldar əməkdaşlığa, kənd təsərrüfatı sahəsinin şaxələndirilməsinə dəstək verilməsinə görə Azərbaycan Prezidentinə və hökumətinə, İDEA İctimai Birliyinə təşəkkürümü bildirirəm”.
Bəli həqiqət belədir. Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət lazım olan şəraiti yaradır, nəinki maddi və habelə hüquqi və təşkilati dəstək verir.

Tehsil-press.az


Oxşar xəbərlər