Avrasiya Patent İdarəsinin yeni prezidenti seçilib

Avrasiya Patent İdarəsinin yeni prezidenti seçilib Moskva şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının 38-ci iclası keçirilib. Tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov təmsil edib.
İclasın gündəliyinə APT-nin idarəedici orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) növbəti prezidentinin seçilməsi çıxarılıb. Gizli səsvermənin nəticələrinə görə, Rusiya Federasiyasının namizədi, Rusiya Əqli Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Qriqori İvliyev APİ-nin yeni prezidenti vəzifəsinə seçilib. APİ-nin hazırkı prezidenti Saule Tlevlessovanın səlahiyyət müddəti 2022-ci il fevralın 10-da sona çatır.
Qeyd edək ki, Avrasiya Patent Təşkilatı 1994-cü ildə yaradılıb, ölkəmiz 1994-cü il sentyabrın 9-da Avrasiya Patent Konvensiyasını imzalayıb, 1995-ci ildə isə sənədin ratifikasiya edilməsi ilə təşkilatın tamhüquqlu üzvü olub. Beynəlxalq təşkilat Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələri yerinə yetirmək üçün təsis olunub. Hazırda təşkilata 8 üzv dövlət daxildir: Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ermənistan.

Tehsil-press.az


Oxşar xəbərlər