UNEC-in rektoru ali təhsilin gələcəyi ilə bağlı fikirlərini bölüşüb

UNEC-in rektoru ali təhsilin gələcəyi ilə bağlı fikirlərini bölüşüb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində ali təhsilin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Rektor Ə.Muradov paylaşımda Azərbaycanda təhsil sahəsində mühüm sənədlərə diqqət çəkib. UNEC-in rektoru yazıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, çoxlu sayda fərman və sərəncamlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bütövlükdə təhsilə ayırdığı diqqət, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər ali təhsildə ciddi uğurları təmin edib. Bununla yanaşı, pandemiya bütün sahələrdə olduğu kimi, ali təhsili də ciddi və tamamilə yeni çağırışlarla üz-üzə qoydu.
Bu çağırışlara adekvat cavab kimi, istisnasız olaraq ali təhsilin rəqəmsallaşdırılması qəbul edilir. Rəqəmsallaşdırma ilə bağlı zəruri işlərin həyata keçirilməsi ciddi investisiyalar tələb edir. Azərbaycanda ali təhsil müəssisələrinin həmin investisiyaları təhsil prosesinə cəlb etmək və yatırmaq imkanlarının fərqli olması (və yaxud bir sıra hallarda belə imkanlarının ümumiyyətlə olmaması) ali təhsil müəssisələri arasında bərabərsizliyi sürətlə artırır. Bu bərabərsizliyin artım sürəti xarici və yerli ali təhsil müəssisələri arasında daha da yüksəkdir. Düşünürük ki, bu fərqi azaltmaq və bir sıra hallarda hətta irəli çıxmaq üçün ali təhsil sisteminin yenidən strukturlaşdırılması, ali təhsil müəssisələrinin sayının optimallaşdırılması, ali təhsilə investisiyalar, onun həcmi və istiqamətləri, yeni şəraitdə təhsilverən və təhsilalanların qarşılıqlı münasibətləri, ali təhsilin məqsədləri və müasir şəraitin xüsusiyyətləri əsas tutulmaqla bütövlükdə ali təhsilin gələcəyi və bu kimi digər məsələlərin ümummilli müzakirə predmetinə çevrilməsi faydalı olar. Ali təhsil mütləqmi dördillik bakalavr, ikiillik magistratura və üç illik doktoranturadan ibarət olmalıdır, yoxsa fərqli ixtisaslar üçün fərqli müddəti əhatə edə biləcək fərqli bakalavr və eləcə də magistr proqramları tətbiq edilə bilər? İşə qəbul zamanı minimum bakalavr diplomu əsas şərt olmalıdırmı, yoxsa bir sıra ixtisaslar üzrə müvafiq akkreditasiyadan keçmiş sertifikat proqramı da ixtisas göstəricisi kimi qəbul edilə bilər? Və sair... Suallar çoxdur və həmin suallara cavablar pandemiya və postpandemiya dövrünün ali təhsilinin inkişaf trayektoriyasına aydınlıq gətirəcəyinə ümid edirik”.

Tehsil-press.az


Oxşar xəbərlər