Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı

Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “Postpandemiya dövründə ali təhsil və tədqiqat” mövzusunda keçirilən vebinarda ali təhsilin gələcəyi ilə bağlı vacib məsələlərdən danışıb.
Rektor çıxışında ənənəvi ali təhsilin üzləşdiyi yeni problemlər və postpandemiya dövründə ali təhsilin əsas konturları barədə öz baxışlarını bölüşüb:
“Pandemiyadan əvvəl hamının qəbul etdiyi və pandemiya dövründə daha da güclənən bir tələb var: “Təhsil birmənalı dəyişməlidir”. Bu, ilk növbədə yeni texnologiyaların inkişafı, qloballaşma və rəqəmsallaşma ilə bağlıdır. Tələb olunan bilik və bacarıqlar sürətlə dəyişir, iqtisadiyyat rəqəmsallaşır, cəmiyyət rəqəmsallaşır, hətta dövlət idarəetməsi rəqəmsallaşır. Belə şəraitdə təhsil ənənəvi təhsil olaraq qala bilərmi? Qala bilər. Lakin bu zaman təhsil və iqtisadiyyat, təhsil və cəmiyyət və s. bir-birindən əlaqəsiz inkişaf edəcək ki, bu da təhsilin iflası olacaq. Yəni təhsil rəqəmsallaşmalı, distant təhsilin tətbiqi təmin edilməlidir. Yeni texnologiyaların bütün sahələrdə olduğu kimi, təhsildə də tətbiqi qaçılmazdır. Distant təhsilin tətbiq edilib-edilməməsi müzakirə predmetinə çevrilməməlidir. Distant təhsilin keyfiyyəti bizi düşündürməlidir”.
İndi ən ciddi problem cəmiyyətin “Distantdırsa keyfiyyətsizdir” mövqeyini dəyişməkdir
Pandemiya dövründə tətbiq edilməyə başlayan distant təhsilin cəmiyyətdə bu təhsil haqqında mənfi rəy yaratdığını bildirən rektor, indi ən ciddi problemin cəmiyyətdə formalaşmış “Distantdırsa keyfiyyətsizdir” mövqeyi dəyişmək olduğunu deyib: “Bu gün distant təhsil kimi tətbiq edilən təhsili pandemiyadan qaynaqlanan böhranın həlli baxımından qaçılmaz bir addım kimi qəbul etdik. Bu, doğru idi. Bu, həm də təhsilin davamlılığının təmin edilməsi baxımından alternativsiz yanaşma idi. Bu təhsilin tətbiqi zamanı müəllimin əməyi azalmadı, əksinə, əhəmiyyətli dərəcədə artdı. Müəllimlərin, eləcə də təhsilalanların psixoloji gərginliyi artdı. Müəllimlərin və tələbələrin qısa vaxt ərzində yeni texnoloji alət və vasitələrdən istifadə vərdişlərini formalaşdırması onlar üçün həm də əlavə gərginlik mənbəyi oldu.
Bu təhsil formasının guya ucuz olması da əsassız yanaşma idi. Distant dediyimiz təhsilə keçid, həm də o demək idi ki, böhranla üz-üzə qalan ənənəvi təhsil öz funksiyasını yerinə yetirə bilmədi. Bu, həm də o demək idi ki, ənənəvi təhsil öz inkişaf potensialının tükəndiyini göstərdi. Bu böhran distant təhsilin böhranı deyil, əksinə, distant təhsil ənənəvi təhsilin üzləşdiyi və həll edə bilmədiyi problemi həll yolu kimi tətbiq edilməyə başladı.
...Real vəziyyətin təhsil sahəsində təhlili göstərir ki, ənənəvi təhsil artıq öz funksiyasını yerinə yetirə bilmir. Ənənəvi təhsilin alternativi olan yeni təhsil isə hələ mümkün deyil. Bu, təhsil qarşısında duran ən ciddi və yeni problemlərdən ikincisidir.
Müəllim ənənəvi təhsildə auditoriyaya dediyini kameraya deyirsə, bu, distant təhsilə çevrilmir. Hesab edirik ki, bu, çox ciddi və yeni problemlərdən üçüncüsüdür”.
Distant təhsil yeni və fərqli təhsil formasıdır, nə əyani, nə də qiyabi təhsildir. Ona görə də distant təhsili əyani təhsillə müqayisə etmək doğru deyil. Tam əminliklə demək olar ki, distant təhsilə xas olan keyfiyyətləri ənənəvi təhsildə axtarsaq, distant təhsillə müqayisədə dəfələrlə çox qüsurları ənənəvi təhsildə tapmaq olar.
...Biz üç nöqtə sıfır universitetdən danışırıq. Yəni təhsil, tədqiqatlar, sahibkarlıq fəaliyyəti, universitetlərin hədəflədiyi universitet modelidir. Distant təhsil təhsilin inkişafı baxımından əhəmiyyətli olsa da, universitetlərin inkişafı baxımından ciddi çağırışlar yaratdı. Distant təhsil, ilk növbədə, universitetlərdə elmi-tədqiqatların sanki arxa plana keçdiyini göstərdi. Düşünürük ki, distant təhsilə adekvat tədqiqat və sahibkarlıq universiteti modeli post pandemiya dövründə həllini gözləyən ən ciddi problemlərdən dördüncüsüdür.

Tehsil-press.az

Oxşar xəbərlər