2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsilinə elan verilib

2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsilinə elan verilib Təhsil Nazirliyində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın təsdiq edildiyi diqqətə çatdırılıb.
Məlumat verilib ki, sözügedən Dövlət Proqramı milli kadrlar hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini nəzərdə tutur. Məqsəd yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsidir. Bu məqsədlə Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.
Qeyd olunub ki, proqramda yalnız Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Namizədlər Təhsil Nazirliyi tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən müvafiq komissiyalar tərəfindən müəyyənləşdiriləcək. Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla nazirliyin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşlarından formalaşdırılacaq. Müsahibə komissiyalarının tərkibinə namizədlərin ixtisas istiqamətlərinə uyğun sahə üzrə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi olan mütəxəssislər cəlb edilə bilərlər. Müvafiq komissiyalara üzv olan nazirliyin əməkdaşları həmin komissiyalara sədrlik edəcəklər.
Nəzərə çatdırılıb ki, dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, doktorantura səviyyəsi üzrə təhsilini başa vurmuş, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslər “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda namizəd qismində iştirak edə bilməzlər.
Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda iştirak edənlərin təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq verən Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə əsasında həyata keçiriləcək. Müqavilənin forması nazirlik tərəfindən müəyyən ediləcək. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında maliyyələşdirən qurum tərəfindən xarici valyuta və ya sifarişin rəsmiləşdirildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə köçürüləcək. Xaricdə təhsil alan doktorantlar viza rüsumunu və təhsil aldıqları ölkədə qeydiyyat xərclərini özləri ödəyəcəklər. Proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürüləcək. Proqram iştirakçısının aylıq yaşayış xərcləri isə təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən bank hesabına ödəniləcək. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçiriləcək. Qeyd olunub ki, xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının “Times Higher Education (THE) World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai)” reytinq siyahılarında ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi, yerli ali təhsil müəssisələri ilə bağlanacaq üçtərəfli müqavilə nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların akademik və ya inzibati olaraq işlə təminatı, həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin Azərbaycanda elmi-pedaqoji sahədə tətbiqi, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək tədqiqat bacarıqlarına malik kadr potensialının formalaşdırılmasına nail olunması və yerli ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması nəzərdə tutulur.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, 2020-ci ilin yaz semestri üçün sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün noyabrın 18-də müvafiq elan verilib.

Tehsil-press.az

Oxşar xəbərlər