Ailədaxili münaqişələrin böyüməsində hansı səbəblər üstünlük təşkil edir?

Ailədaxili münaqişələrin böyüməsində hansı səbəblər üstünlük təşkil edir? Ailədaxili münaqişələrin böyümə səbəbləri sırasında tərəflərin bir-birini anlamaması, güzəştə getməməsi, yaranan problemdə günah və məsuliyyəti qəbul etməmək, inadkarlıq kimi amillər üstünlük təşkil edir.
Bunu “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva deyib.
T.Paşayeva bildirib ki, son günlər sosial şəbəkələrdə, saytlarda və kütləvi informasiya vasitələrində sürətlə yayılan, cəmiyyət tərəfindən ajiotajla qarşılanan, digər tərəfdən isə həssas yanaşılmalı məsələlərdən biri ailədaxili şiddət və onun yaratdığı fəsadlardır:
“Bir neçə gün öncə ana və onun azyaşlı övladının dünyasını dəyişməsi xəbəri ictimaiyyətdə hərəkətlilik yaratdı. Ümumiyyətlə isə son zamanlar ailədaxili şiddətlə bağlı xəbərlərin çoxalması əslində həyəcan siqnalıdır və bu məsələyə diqqətin artırılmasını tələb edir.
Belə xoşagəlməz hallarının artmasının səbəbləri müxtəlifdir. Sosial, iqtisadi, psixoloji və digər səbəblərdən yaranan bu anlaşılmazlıqlar daha sonra gərginliklərin artmasına, şiddət və zorakılığa və sonda dəhşətli nəticələrə gətirib çıxarır".
Mütəxəssis son zamanlar ailədaxili münaqişələrin çoxalmasında bütün dünyanı cənginə alan pandemiyanın təsirlərinə də toxunub:
"Pandemiya insanların həyatına təkcə maddi deyil, mənəvi, psixoloji, tibbi və digər formalarda birbaşa və ya dolayı yollarla təsirini göstərib.
Ailə daxilində baş verən şiddət insanların psixoloji və fiziki dünyalarında çətin bərpa olacaq yaralar açır. Boşanma, ayrı yaşamaq kimi nəticələrlə bərabər cinayət, intihar kimi amillərin də olması belə halların aradan qaldırılması istiqamətində araşdırmaların artırılmasını labüd edir.
Mərkəzimizə müraciət edən pasiyentlərin müəyyən bir qismi məhz ailədaxili münasibətlərdən yaranan problemlərdən dolayı psixoloq yanına üz tuturlar.
Ən çox qarşılaşdığımız səbəblər sırasında ailə üzvlərinin uzun müddət çalışması, istirahətə zaman ayırmaması, iş mühitində yaranan stress, tərəflərdən birinin digərinə qarşı qısqanclıq hissi, zərərli vərdişlərə aludəçilik, o cümlədən ailə üzvlərindən birinin fiziki və psixoloji pozuntularının olması və digər halları göstərə bilərik.
Qeyd etdiyimiz amillərlə yanaşı digər məqamlar da mövcuddur, amma səbəbin hansı olmasından asılı olmayaraq təəssüf ki, əksər münaqişələrin nəticələri xoş olmur. Münaqişələrin böyümə səbəbləri sırasında tərəflərin bir-birini anlamaması, güzəştə getməməsi, yaranan problemdə günah və məsuliyyəti qəbul etməmək, inadkarlıq kimi səbəblər üstünlük təşkil edir”.
T.Paşayeva bildirib ki, ailədaxili münaqişələrdən əziyyət çəkən insanların fiziki və psixoloji davranışlarında problemlər zaman keçdikcə özünü daha qabarıq formada göstərir:
“Belə ki, həmin insanlarda baş verən hadisələrdən dolayı qorxu, günah hissi, “qoruya bilmədim, bacarmadım” kimi ifadələrlə əks olunan həyəcan, stress, aqressiya, intiqam almaq duyğuları, diqqət əksikliyi, tək qalmaq arzusu, özgüvən əksikliyi kimi psixoloji narahatlıq və problemlər ortaya çıxır. Bununla yanaşı müxtəlif dərəcəli xəsarət almalar, ölüm, sağlamlıq problemləri, qidalanma və yuxusuzluq pozuntuları və digər fiziki narahatlıqların olması həmin insanların gələcək həyatlarında fəsadlarını göstərir.
Hansı formada olmasından asılı olmayaraq zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır.
Ailə daxilində zorakılıqların azaldılması və aradan qaldırılması məsələsi uzun vaxt istəyən, birgə fəaliyyət tələb edir. Burada ailə üzvlərinin də üzərinə böyük yük düşür. Həyat yoldaşları və digər ailə üzvlərində hiss olunan narahatlıqları ört-basdır etmək yox, problemin ən qısa zamanda həll olunması üçün müvafiq sahənin mütəxəssislərinə müraciət etmək, ehtiyac yaranarsa psixoloji, tibbi və digər formalarda dəstək almaq lazımdır. Həmçinin aidiyyatı qurumlar birgə fəaliyyət göstərməli, vətəndaşların maarifləndirilməsinə diqqəti daha da artırmalıdır.
Qeyd edilənləri həyata keçirə biləriksə, biz daha xoşbəxt və sağlam gələcəyə nail ola biləcəyik”.

Tehsil-press.az


Oxşar xəbərlər