Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” təşkilatının əməkdaşlığı genişlənir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” təşkilatının əməkdaşlığı genişlənir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı “British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri Frensis Qardener-Trexo və fəaliyyəti başa çatan ölkə üzrə rəhbəri Samr Şah ilə görüşüb.
Görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib, “British Council” və universitet arasında əməkdaşlıq məsələlərinə toxunub.
“British Council” təşkilatının Azərbaycandakı ofisi ilə ADNSU arasında 2019-cu ildən müəllim və tələbələrin mühəndislik sahəsi üzrə ingilis dili biliklərinin artırılması məqsədilə həyata keçirilən layihədən danışan rektor layihə nəticəsində birinci mərhələdə 90 müəllim və 200 tələbənin ingilis dili biliklərinin əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini qeyd edib. Müəllim və tələbələr üçün 2021-ci ilin may ayından qüvvəyə minən Aptis testləri ilə ingilis dili biliklərinin qiymətləndirilməsi layihəsindən bəhs edən rektor layihə çərçivəsində 80 müəllimin intensiv kurslarda iştirak etdiyini deyib. M.Babanlı 2021-2022-ci tədris ilinin yay sessiyasında “British Council” təşkilatının dəstəyi ilə 3 minə yaxın tələbənin dil imtahanın Aptis testləri əsasında keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Frensis Qardener-Trexo “British Council” ilə ADNSU arasında əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu, yeni layihələrin həyata keçirilməsinə dəstək göstərəcəyini qeyd edib.
Professor M.Babanlı Samr Şaha fəaliyyətdə olduğu müddətdə təhsil əlaqələrinin inkişafına və əməkdaşlığa göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər