DİM və “British Council” arasında yeni əməkdaşlıq perspektivlərinə dair onlayn müzakirə aparılıb

DİM və “British Council” arasında yeni əməkdaşlıq perspektivlərinə dair onlayn müzakirə aparılıb Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “British Council” Azərbaycan təmsilçiliyinin sədri Samr Şah və “British Council Global Assessment” komandasının rəhbəri Viktoriya Klark arasında onlayn görüş keçirilib.
Görüşdə qurumlar arasında yeni əməkdaşlıq perspektivləri, qiymətləndirmə sahəsində yeniliklər, onların tətbiqindəki çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları müzakirə edilib, yeni fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq imkanlarına dair razılıq əldə olunub.
Hazırda Dövlət İmtahan Mərkəzi “British Council” ilə əməkdaşlıq çərçivəsində öz işçiləri və DİM-lə əməkdaşlıq edən ingilis dili müəllimləri üçün “İngilis dili bacarıqlarının qiymətləndirilməsi üzrə beynəlxalq onlayn pilot təlimlər”in təşkilini uğurla davam etdirir. Təlim çərçivəsində Britaniya Şurasının Qiymətləndirmə qrupu ingilis dili üzrə qiymətləndirmə ekspertləri üçün yeni yaratdığı onlayn təlimi pilot mərhələdən keçirir. DİM-in təlimlərdə iştirakının əsas məqsədi xarici dil üzrə bacarıqların qiymətləndirilməsi istiqamətində tətbiq olunan alətlərin təkmilləşdirilməsini davam etdirmək və pilot layihəyə töhfə verməkdir. Hazırda 3 mərhələli və 6 həftəlik təlim proqramının beş həftəsi uğurla başa çatıb və qarşılıqlı müzakirə nəticəsində təlim platformasının inkişaf etdirilməsi davam etdirilir.
Onlayn görüşdə əsas müzakirə istiqamətlərindən biri də elə təlimlərin nəticələri əsasında atılacaq növbəti addımlar olub. Yeni planlar sırasında təlimi uğurla başa vuran namizədlərin geniş məzmunlu təlimlərə cəlb edilməsi və eyni məzmunlu təlimin daha böyük auditoriyaya təklif edilməsi yer alır. Bundan əlavə, qurumların ortaq məhsulu olacaq yeni onlayn qiymətləndirmə alətlərinin də tərtib edilməsi əməkdaşlıq sahələri sırasındadır.
Xatırladaq ki, “British Council” və Dövlət İmtahan Mərkəzi arasında işgüzar əlaqələr 2016 cı il sentyabrın 23-də təhsil və ingilis dili sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə Niyyət Məktubunun imzalanması ilə başlanıb. Həmçinin “British Council” 2019-cu il sentyabrın 22-27-də DİM tərəfindən keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik beynəlxalq konfransının rəsmi tərəfdaşlarından biri olub.

Tehsil-press.az

Oxşar xəbərlər