Tonoyan 5 milyonluq yararsız raketlərin alışına görə saxlanılıb

Tonoyan 5 milyonluq yararsız raketlərin alışına görə saxlanılıb Xəbər verdiyimiz kimi, Ermənistanın dünən saxlanılan keçmiş müdafiə naziri David Tonoyan heç yerə getməməsi şərti ilə sərbəst buraxılıb.
Tonoyanın saxlanılması ilə bağlı yeni detallar məlum olub.
Belə ki, erməni KİV-də yayılan məlumata görə, David Tonoyan Ermənistanın Müdafiə Nazirliyi tərəfindən 5 milyon dollar dəyərində yararsız raketlərin alınması ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.
Qeyd edək ki, dünən keçmiş müdafiə nazirinin evində güc strukturları tərəfindən axtarış aparılıb. Bunun ardınca isə ona qarşı ittiham irəli sürülərək saxlanılıb.
KİV-in məlumatına görə, növbədə digər sabiq müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov var.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamenti David Tonoyanı böyük həcmdə pul vəsaitlərini (4,5 milyon dollar) mənimsəməkdə ittiham edir və onun həbsi ilə bağlı vəsatət qaldırıb.
Tonoyanın da daxil edildiyi cinayət işi ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən Ermənistan Silahlı Qüvvələri üçün döyüş sursatlarının alınması zamanı vəzifə öhdəliklərindən sui-istifadə etmək ilə bağlı başladılıb.
Ermənistan MTX-nin Mətbuat Xidmətinin verdiyi məlumata görə, döyüş sursatlarını tədarük edən şirkətin rəhbəri də həbs olunub.

Tehsil-press.az

Oxşar xəbərlər