
Müqavilədə təhsil müəssisələri arasında elm, təhsil, mədəniyyət sahələrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, təhsilin bütün sǝviyyǝlərindǝ kadr mübadiləsinin həyata keçirilməsi, müxtəlif tədbirlərin, o cümlədən konfransların, sərgilərin, seminarların, simpoziumların, təlimlərin birgə təşkili və s. nəzərdə tutulur.
İmzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyəti, mövcud təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. O, qardaş Türkiyə universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətindəki geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını deyən E.Babayev, ümumiyyətlə, ölkəmizdə son illər elm-təhsil-innovasiya istiqamətində həyata keçirilən tədbirlərdən, nailiyyətlərdən bəhs edib.
İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini, tələbələrin, akademik və inzibati heyətin mübadiləsində, birgə elmi-tədqiqat layihələrinin reallaşdırılmasında maraqlı olduqlarını vurğulayıb.
1992-ci ildə əsası qoyulmuş İzmir Yüksək Texnologiya İnstitutunda tədris ingilis dilində aparılır. Ümumilikdə 6 min 300-dən çox tələbənin təhsil aldığı ali məktəbdə 18 bakalavr, 27 magistr və 19 doktorantura proqramı üzrə kadr hazırlığı həyata keçirilir.
Tehsil-press.az