Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində əməkdaşlıq protokolları imzalanıb

Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində əməkdaşlıq protokolları imzalanıb “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Kırşehir Ahi Evran Universiteti və Əhməd Yasəvi Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq protokolları imzalanıb.
Protokolda ali təhsil müəssisələrinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsidir.
Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb. Türkiyənin Ankara, İstanbul, Marmara, 29 Mayıs, Kırıkkale universitetləri, Rusiyanın Moskva İslam İnstitutu, Omsk Dövlət Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası, Bolqar İslam Akademiyası ilə əməkdaşlıq protokolları imzalayıb.

Tehsil-press.az

Oxşar xəbərlər