İranın qarın ağrısı...

İranın qarın ağrısı... Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfəri dost da gördü, düşmən də. Bu, dərd deyil. Dərd özünü dost kimi göstərib düşmən kimi davrananlardır ki, son proseslərə nəzər yetirəndə, bunlardan birinin də, bəlkə də birincisinin İran olduğunu görürük.
Azərbaycan cəmiyyətinin artıq böyük bir qismi belə düşünür. Hər halda bu fikrin formalaşmasının günahkarı biz deyilik. Burada bir günahkar varsa, o da sözsüz ki, İran hakimiyyətidir.
Reallıq budur ki, hakimiyyət ölkənin adında olan İslama qarşı tam zidd hərəkət edir - zalimə qucaq açır, günahsız körpələrin, yaşlıların, dinc sakinlərin qanına bulaşmış erməni əllərini sıxır.
Biz əslində, baş verən son proseslərə elə də təəccüblənmirik. Çünki İran hakimiyyətinin ermənipərəst siyasəti, bu ölkəyə qucaq açması, dostluq, qardaşlıq münasibətini yürütməsi uzun illərdir davam edir.
İranın Birinci Qarabağ müharibəsi dövründə Ermənistana verdiyi dəstəyin miqyası inanılmaz dərəcədə olub. Bunu biz yox, dəstəyi alan erməni rəsmiləri də dəfələrlə açıqlamalarında təsdiqləyiblər. Elə bu məqamda işğal prosesinə rəhbərlik edən sabiq prezident Levon Ter-Petrosyanın məşhur fikirlərini xatırlatmaq yerinə düşər:
“İran bizim üçün nəfəslik rolu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”.
Eyni sözləri daha sonra, bir az fərqli formada Xocalı qatili, hərbi cinayətkar Robert Köçəryan da təkrarlamışdı...
Bundan başqa, 1992-ci ildə Şuşanın işğalında İranın rolunun olduğunu da xatırlamaqda fayda var.
Gəlin, tarixə nəzər salaq:
Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanın Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla Tehranda görüşünü Ermənistan tərəfindən hazırlayan V. Papazyan Şuşanın işğalı ilə Tehranın vasitəçilik missiyasının əlaqəli olduğunu etiraf etmişdi. O zaman Ermənistan prezidentinin müşaviri işləyən Papazyan mətbuata açıqlamasında bəyan etmişdi ki, Şuşanın işğal vaxtı dəyişdirilirdi. Tehrana səfər etməmişdən qabaq prezident Ter-Petrosyandan Papazyan soruşur ki, o, Tehranda olduğu müddətdə Şuşa işğal oluna bilərmi? Ter-Petrosyan “mümkündür” cavabını verir. Beləcə, Şuşa Azərbaycan və Ermənistan rəhbərliyinin Tehran vasitəçiliyi ilə sənəd imzalayan zaman işğal olundu.
İran isə yaratdığı fəsadın aradan qaldırılması ilə məşğul olmadı. Yenicə müstəqillik əldə etmiş, dövlət qurumları sonadək formalaşmamış Azərbaycan Ermənistanın kələyindən xəbər tuta bilməzdi, yalnız ehtimallar irəli sürə bilərdi. 2500 illik dövlətçilik tarixi ilə öyünən İran nəyin baş verəcəyini bilməyə borclu idi. Əgər İran hadisələrin belə gedəcəyini bilməyibsə, bu, onu məsuliyyətdən azad etmir. İkincisi, İran Şuşanı işğalında bilərəkdən iştirak etməməsini bu günədək arqumentli şəkildə sübut etməyib.
Görünür, bu, İran hakimiyyətinin yürütdüyü siyasətin bir parçası imiş. Ermənistan işğalı gerçəkləşdirəcəkdi, İran isə Qarabağ torpaqlarından öz məqsədləri üçün istifadə edəcəkdi. Bunun hansı məqsədlər olduğunu özləri çox yaxşı bilir.
Və aydın məsələdir ki, Azərbaycanın öz dədə-baba torpaqlarını azad etməsi heç cür cənub qonşumuza sərf etmirdi. Çünki artıq viran olmuş evlərin daşlarını daşıya bilməyəcəkdilər, işğal altında olan torpaqlarda nələrisə əkib-becərməyəcəkdilər və ən əsası qanunsuz yüklərin daşınmasının qarşısı alınacaqdı.
Belə deyilsə, bəs, Vətən Müharibəsi zamanı İranın Ermənistana hərbi texnikalar göndərməsinin səbəbi nədir? Təkcə bu faktların İranın qarın ağrısının nədən qaynaqlandığını göstərir.
İndi İran bu durumdan çox narahatdır və bu, heç kimdə şübhə doğurmur. Hər halda biz də çörəyi qulağımızın dibinə yemirik. Biz də yaxşı başa düşürük ki, son 30 ildə bir dənə də olsun, hərbi təlim keçməyən İranın sərhəddə bu eşqə düşməsi nəyə hesablanıb.
Amma İranın bu təlimləri şou-biznesə yeni gələn müğənnilərin özünü reklam etmək üçün yaratdığı ucuz şoulara bənzəyir. Hər halda öz texnikasını, öz təyyarəsini vuran İranı ciddiyə almadığımızı özləri yaxşı başa düşürlər.
Guya öz aləmlərində Azərbaycana mesaj ötürməyə çalışırlar ki, regionda İran da var və bunu unutmaq olmaz. Biz buna qarşı deyilik ki... Regionda əlavə bir müsəlman ölkəsinin olması Azərbaycan üçün nəyi pisdi ki? Sadəcə, İslam ölkəsi adına uyğun hərəkət etməlidir. Zalimə qucaq açmamalı, onunla dodaq-dodağa olmamalıdır ki, sən Allahın evi olan məscidləri dağıtmısan, oranı murdarlamısan, donuz saxlamısan və s.
Gerçək budur ki, müsəlman aləmində yalnız İran qatı ermənipərəst siyasət yürüdür və bunu nümayişkəranə şəkildə, açıq-açığa öz əməlləri ilə sübut edir. Məgər İran əhalisi heç bir milyona çatmayan Cibuti qədər də olmadı ki, Ermənistanla diplomatik əlaqələr qurmasın?
Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünyada İranın Ermənistandan başqa dostu yoxdur, Qərb, Şərq, İslam, Xristian ölkələri – İran hamıya düşmən gözü ilə baxır.
Halbuki, Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib, bununla bağlı ən yüksək səviyyədə mövqe bildirilib. Bununla yanaşı, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib və buna cəhd gəstərənlər də layiqli cavablarını alıblar. İran rəsmiləri də Amili kimi əyalət mollaları səviyyəsində öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalıdırlar.
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılda dediyi kimi:
“Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.
Sitatın sonu!

Tehsil-press.az


Oxşar xəbərlər