AMEA-da Humanitar və İctimai Elmlər Bölməsinin elmi şurasının ilk iclası keçirilib

AMEA-da Humanitar və İctimai Elmlər Bölməsinin elmi şurasının ilk iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin elmi şurasının ilk iclası keçirilib.
İclası AMEA-nın birinci vitse-prezidenti, bölmənin sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki elmi-təşkilati və cari məsələlər haqqında məlumat verib.
Sonra Humanitar və İctimai Elmlər bölmələri üzrə elmi-təşkilati və kadr məsələlərinə baxılıb. Müzakirələrdən sonra sənətşünaslıq üzrə elmlər doktorları - Sevil Fərhadova Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin, Rəna Abdullayeva həmin institutun Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin, İradə Köçərli Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin, Nailə Rəhimbəyli Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov həmin institutun Klassik folklor şöbəsinin və fəlsəfə üzrə elmlər doktoru Roida Rzayeva Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin müdiri vəzifələrinə təsdiqləniblər.
İclasda Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150 illik, Əziz Mirəhmədovun 100, Ziyəddin Göyüşovun 100, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illiyi ilə bağlı müvafiq elmi müəssisələrdə konfrans və tədbirlər keçirilməsinə dair təkliflərin Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Sonda akademik İsa Həbibbəyli bəzi ixtisaslar üzrə kadr hazırlığına ciddi ehtiyac olduğunu bildirib. AMEA-da dialektologiya, numizmatika, sosiologiya, türkologiya və digər ixtisaslar üzrə doktoranturaya yer ayrılmasının vacibliyindən danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər