Fizika İnstitutunda akademikin 70 illik yubileyinə həsr olunan elmi sessiya

Fizika İnstitutunda akademikin 70 illik yubileyinə həsr olunan elmi sessiya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan bu elm müəssisəsinin direktoru, akademik Nazim Məmmədov müstəqillik illərinin ilk vaxtlarında Fizika İnstitutunun dirçəlməsində Arif Həşimovun böyük xidmətləri olduğunu söyləyib. O, institutun hazırda dünya elmində qazandığı yüksək statusunun əsasının məhz akademik Arif Həşimovun rəhbərliyi illərində qoyulduğunu vurğulayıb. Qeyd edib ki, alimin elektrofizika sahəsində elmi-tədqiqat işlərinə təkan verməklə yanaşı, həm də institutda aparılan bütün elm sahələrinin inkişafında böyük rolu olub.
Sonra institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun “Akademik Arif Həşimovun həyat və elmi fəaliyyəti haqqında” mövzusunda məruzəsi dinlənilib.
Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasının professoru, Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova isə alimin Fizika İnstitutuna rəhbərliyi dövrdə gördüyü işlərdən, gənclər üçün yaratdığı şəraitdən bəhs edib.
AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva akademik Arif Həşimovun qayğıkeş, xeyirxah bir alim olduğunu qeyd edib.
Tədbirdə institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov elmi məruzələrlə çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər